Qazaxıstan məhkəmə sistemində çalışan azərbaycanlı qadın: Həmvətənimizin uğur hekayəsi

Qazaxıstan məhkəmə sistemində çalışan azərbaycanlı qadın: Həmvətənimizin uğur hekayəsi

12:45
Bəyəndim (1) Bəyənmədim (0)

Milli kimliyin qorunması ilə yaşadığı ölkənin vətəndaş cəmiyyətinə uğurla inteqrasiyanı uzlaşdıran həmvətənimiz Leyla Kərimova buna parlaq nümunədir. O, Qazaxıstanın Kostanay vilayətinin məhkəmə sistemində çalışır və qazax dilini mükəmməl bildiyinə görə mükafatlandırılıb.

Leyla Kərimova AZƏRTAC-a müsahibəsində Azərbaycan mədəniyyətinin xaricdə təbliği, diaspor gənclərinin fəaliyyəti və tarixi Vətənlə əlaqələrin möhkəmləndirilməsində gənclərin rolu barədə danışıb. Oxuməni.az müsahibəni təqdim edir:

– Siz Kostanay vilayətinin məhkəmə sistemində işləyirsiniz və eyni zamanda ictimai həyatda da fəal iştirak edirsiniz. Hansı vəzifədə çalışırsınız və peşəkar fəaliyyətinizi Azərbaycan icmasındakı işinizlə necə uzlaşdırırsınız?

– Artıq üç ildir ki, Kostanay vilayətinin məhkəmə sistemində çalışıram. Dövlət qulluğuna ilk cəhdimdə qəbul olundum, psixoloji testlər və dövlət dili imtahanı da daxil olmaqla, bütün mürəkkəb seçim mərhələlərini uğurla keçdim. Xidmətim dövründə özümü məsuliyyətli, intizamlı və peşəkar əməkdaş kimi təsdiqləməyə çalışmışam.

Hakim olmaq üçün xüsusi akademiyada təhsilimi başa vurmalı və 29 yaşa çatmalıyam. Buna görə də hazırda gələcək karyera planlarımı nəzərdən keçirirəm. Bununla belə, dövlət qulluğunda çalışmaq ictimai fəaliyyətdə potensialımı reallaşdırmağıma mane olmur.

Düzgün planlaşdırma sayəsində işlə ictimai fəaliyyəti uzlaşdırmaq mənim üçün çətin deyil. Vaxtımı dəqiq bölüşdürürəm: məhkəmə prosesləri zamanı tam diqqətimi işimə yönəldirəm, ictimai tədbirlər üçün isə əvvəlcədən vaxt ayırıram. Bundan əlavə, qanun dövlət qulluqçularına yaradıcılıq fəaliyyəti ilə məşğul olmağı qadağan etmir. Mənim üçün bu, ideal tarazlıqdır – bir sahə digərinə qətiyyən mane olmur.

– İcma üzvlərinin yaşadıqları ölkənin rəsmi dilini bilməsi nə dərəcədə vacibdir və bu, karyeranızda sizə kömək edirmi?

– Bu, prinsipial əhəmiyyət daşıyır. Mən qazax dilini hər gün işimdə istifadə edirəm. Peşəkar uğurlarım və fəal vətəndaş mövqeyim diqqətdən kənarda qalmır.

Əmək fəaliyyətim ərzində məhkəmə sistemi əməkdaşları arasında keçirilən "Dövlət dili üzrə ən yaxşı mütəxəssis" regional müsabiqəsində Qran-pri mükafatını qazanmışam. Bundan başqa, Qazaxıstan Prezidentinin, Qazaxıstan Xalqı Assambleyasının, Kostanay vilayəti akiminin və regional prokurorluğun fəxri mükafat və təşəkkürnamələri ilə təltif olunmuşam. Bu, mənim üçün irəliyə doğru addımlamaq baxımından böyük stimuldur.

Eyni zamanda, ana dilimi də unutmuram. Azərbaycan dilində hüquq terminologiyası gündəlik danışıq dilindən daha mürəkkəbdir və hələ ki, bu sahədə yüksək peşəkar səviyyədə biliklərə malik deyiləm. Gələcəkdə bu istiqamətdə biliklərimi mütləq təkmilləşdirməyi planlaşdırıram.

– Bu gün Azərbaycan icmasının gənclər qanadı Kostanay bölgəsində yaşayan azərbaycanlıların həyatında hansı rolu oynayır?

– Mən "Birlik" icmasının gənclər qanadının rəhbəriyəm. Bütün fəaliyyətimiz həmvətənlərimiz arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycan mədəniyyətinin və musiqisinin xaricdə təbliğinə, eləcə də gənclərlə tarixi Vətən arasında əlaqələrin inkişafına yönəlib.

Gənclərimiz regionda keçirilən mədəni, ictimai və dövlət tədbirlərinin təşkilində və keçirilməsində fəal iştirak edirlər. Biz xalqımızı layiqincə təmsil etməyə, onun zəngin mədəniyyətini və adət-ənənələrini tanıtmağa, Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə töhfə verməyə çalışırıq.

Mən özüm də mütəmadi olaraq müxtəlif tədbirlərdə çıxış edir, həm xalq, həm də müasir Azərbaycan mahnıları ifa edirəm. Hətta məhkəmə sistemində keçirilən daxili tədbirlərdə belə, milli geyimdə səhnəyə çıxmağa və həmkarlarıma xalqımızın tarixi, mədəniyyəti və kökləri haqqında məlumat verməyə çalışıram. Məsuliyyət, təşəbbüskarlıq və daim inkişaf etmək istəyi həm peşəkar, həm də ictimai fəaliyyətimdə əsas prinsiplərimdir.

– Milli adət-ənənələrin, dilin, mədəniyyətin və gənclərin Azərbaycanla əlaqələrinin qorunması üçün hansı layihə və təşəbbüsləri daha vacib hesab edirsiniz?

– Məncə, müxtəlif ölkələrdə yaşayan gənc azərbaycanlıları bir araya gətirən ən səmərəli platformalar beynəlxalq yay düşərgələri, gənclər forumları, təhsil proqramları, festivallar və, əlbəttə ki, dil kurslarıdır. Diaspor gənclərinin iştirak etdiyi müasir layihələr xüsusi əhəmiyyət daşıyır.

Belə təşəbbüslər yeni nəslin Azərbaycanın tarixini, mədəniyyətini və adət-ənənələrini daha dərindən öyrənməsinə, milli kimlik hissinin möhkəmlənməsinə kömək edir. Eyni zamanda, bu dəyərləri gələcək nəsillərə ötürə biləcək gənc liderlərin dəstəklənməsi olduqca vacibdir.

– Siz müxtəlif tədbirlərdə Azərbaycan musiqisini və mədəniyyətini də təbliğ edirsiniz. Yerli auditoriya Azərbaycan mədəni irsini necə qarşılayır?

– Azərbaycan mədəniyyəti yerli auditoriyada həmişə böyük maraq doğurur və səmimi, müsbət emosiyalar yaradır. Mən milli geyimdə səhnəyə çıxıb Azərbaycan dilində mahnılar ifa edəndə tamaşaçılar bunu xüsusi rəğbətlə qarşılayırlar.

Melodiyalarımız, milli geyimlərimiz və adət-ənənələrimiz insanlarda böyük maraq oyadır. Çıxışlardan sonra tamaşaçılar tez-tez bizə yaxınlaşaraq Azərbaycanın tarixi və mədəniyyəti haqqında suallar verirlər. Əminəm ki, məhz incəsənət və musiqi vasitəsilə insanları tarixi Vətənimizlə daha yaxından tanış etmək və xalqlar arasında dostluğu möhkəmləndirmək mümkündür.

– Sizcə, tarixi Vətənindən kənarda yaşayan gənc azərbaycanlıların milli kimliyini qoruması və eyni zamanda Qazaxıstan cəmiyyətinin fəal üzvü olması üçün ən çox nəyə ehtiyac var?

– Bu məsələdə düzgün balansın qorunması çox vacibdir. Hər şeydən əvvəl, insan öz xalqının tarixini bilməli, milli adət-ənənələrinə hörmət etməli və Azərbaycanla canlı əlaqələrini qorumalıdır. Mən şəxsən hər il Bakıya gəlməyə çalışıram.

Digər tərəfdən, yaşadığın ölkənin fəal və faydalı vətəndaşı olmalısan. Yaxşı təhsil almalı, cəmiyyətə inteqrasiya etməli və ictimai həyatda iştirak etməlisən. Mən də məktəb illərindən fəal olmuşam. Universitetdə mütəmadi çıxış etmiş, Qazaxıstanın müxtəlif şəhərlərinə səfərlər etmişəm, "Gənc lider" nominasiyası üzrə "Kostanay Sosial-Texniki Universitetinin TOP-10 Mükafatı"na layiq görülmüş və universitetin "Qızıl Kitabı"na daxil edilmişəm. Bu təcrübə mənə həm peşəkar, həm də ictimai fəaliyyətimdə böyük dəstək olub.

Oxuməni.az