WP: Tramp Avropa və Ukraynanı Rusiya ilə razılığa gəlməyə çağırdı

WP: Tramp Avropa və Ukraynanı Rusiya ilə razılığa gəlməyə çağırdı

10:18
Bəyəndim (1) Bəyənmədim (0)

Çində Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp Avropa liderlərini və Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh razılaşmasına nail olmağa çağırdı. Bu barədə məlumatlı mənbələrə istinadən The Washington Post məlumat verib.
Qəzetin məlumatına görə, Berlində keçirilən Aİ liderlərinin görüşü zamanı Donald Tramp onlara prezident təyyarəsindən zəng edərək bildirib ki, Vladimir Putin "müharibədən bezib" və indi bir neçə ay əvvəl razılaşmayacağı güzəştlərə getməyə hazırdır. Cənab Tramp həmçinin Aİ-yə milyardlarla dolları Ukraynaya deyil, öz ölkələrinin ehtiyaclarına xərcləməyi məsləhət görüb.
Donald Trampla görüşdən sonra Vladimir Putin özü Ukrayna qoşunlarının Donbasdan çıxarılması da daxil olmaqla əvvəlki tələblərini təkrarlayıb. O, həmçinin Ukraynanın Krım körpüsünə endirdiyi zərbələrdən sonra məhdud atəşkəs barədə danışıqların bərpa edilməsi ehtimalını da istisna edib və cavab hücumları vəd edib. Avropa dövlət başçıları da öz növbəsində Ukraynaya maliyyələşdirməni davam etdirmək niyyətlərini təsdiqlədilər. Almaniya kansleri Fridrix Merts Vladimir Putin və Donald Trampın Çin prezidenti Si Cinpinlə Şençjendə görüşünü "foto çəkiliş üçün bəhanə" adlandırdı, Fransa prezidenti Emmanuel Makron isə Ukraynanın NATO-ya daxil olması məsələsinə yenidən baxmağı təklif etdi.
ABŞ prezidentinin elçiləri Cared Kuşner və Stiv Vitkoff Vaşinqtonun hələ də Avropanın iştirakı ilə sülh sazişi əldə etməyə ümid etdiyini bildirdilər. Cənab Kuşnerin sözlərinə görə, ABŞ Rusiyanı NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər şəkildə Ukrayna üçün Qərb təhlükəsizlik zəmanətlərini qəbul etməyə yaxınlaşdırmağa müvəffəq olub.

Əziz MUSTAFA