Bolqarıstan Qara dənizi qorumaq üçün Belçika və Niderlanddan yeddi minaaxtaran gəmi alacaq
, Bolqarıstan Qara dənizdə naviqasiya təhlükəsizliyini artırmaq üçün yeddi minaaxtaran gəmi almağı planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters-in məlumatında deyilir.
Dünən Bolqarıstan parlamenti bu gəmilərin alınması ilə bağlı iki müqaviləni təsdiqləyib. Bir müqaviləyə əsasən, ölkə Hollandiyadan minaları aşkarlaya və məhv edə bilən üç minaaxtaran gəmi alacaq. Hollandiya və Belçika ilə bağlanan ikinci müqavilə daha dörd gəminin çatdırılmasını əhatə edir.
Bundan əlavə, Niderland mövcud üç minaaxtaran gəminin döyüş hazırlığını qoruyub saxlamağı və artırmağı öhdəsinə götürüb. Bolqarıstan da öz növbəsində yeddi gəminin hamısının NATO standartlarına cavab verməsini təmin etmək üçün təmir xərclərini ödəyəcək. Müqaviləyə həmçinin heyət təlimi, ehtiyat hissələri və əlavə avadanlıqlar daxildir.
"Bu minaaxtaranlar xüsusilə lazımdır. Bizim eyni tipli üç minaaxtaranımız var və bu yeddi minaaxtaranla imkanlarımızı tamamlayacaq və daha da gücləndirəcəyik", - deyə Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov bildirib.
O, həmçinin qeyd edib ki, Bolqarıstan Türkiyə və Rumıniya ilə birlikdə dəniz sularını minalardan təmizləmək üçün çalışan Qara Dəniz Mina Qarşı Mübarizə Qrupunda iştirak edir.
Daha əvvəl Rumıniya qüvvələri Qara dəniz sahillərində aşkar edilmiş minanı məhv etmişdi.
Əziz Mustafa


















































































