Suriya prezidenti kürd lideri Abdini özünə müşavir təyin edib
Suriya prezidenti Əhməd əş-Şara kürd lideri Mazlum Abdini prezidentin müşaviri təyin edib. Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin dövlət KİV-ləri məlumat yayıb. Müvafiq fərman dövlət başçısı tərəfindən imzalanıb və Suriyanın SANA informasiya agentliyində dərc olunub.
Sənəddə deyilir: «Mustafa Xəlil Abdi respublika prezidentinin müşaviri təyin edilib».
Bu təyinat Abdinin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) buraxılmasının elan edilməsindən bir neçə gün sonra atılan mühüm siyasi addım olub. Qərar kürd silahlı birləşmələrinin və onların nəzarətində olan ərazilərin idarəetmə strukturlarının Suriyanın dövlət sisteminə inteqrasiyası barədə razılaşma çərçivəsində qəbul edilib.
Eyni zamanda, Suriyanın Təhsil Nazirliyi dil siyasəti sahəsində yeni qərar qəbul etdiyini açıqlayıb. Hakimiyyət ölkənin dövlət və özəl məktəblərində kürd dilinin tədrisinə icazə verib. Bu qərar kürd əhalisinə doğru atılan növbəti addım və Dəməşqlə kürd nümayəndələri arasında əldə olunmuş razılaşmaları möhkəmləndirmək cəhdi kimi qiymətləndirilir.
Almaz Həsənli


















































































