Çempionlar Liqası: "Sabah" KuPS-u məğlub edərək tarixində ilk dəfə avrokubokların əsas mərhələsinə vəsiqə qazandı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın KuPS və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən cavab oyunu başa çatıb.
Oxuməni.az-ın məlumatına görə, Finlandiyanın Kuopio şəhərindəki "Savon Sanomat Arena"da keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın baş hakimi israilli Qal Layboviç olub.
Bakı təmsilçisi ilk oyunda da 1:0 hesabı ilə qalib gəlmişdi.
İlk hissə qolsuz başa çatsa da, fasilədən sonra Valdas Dambrauskasın komandası üstünlüyünü qola çevirməyi bacarıb. 53-cü dəqiqədə Velko Simiç hesabı açıb, 70-ci dəqiqədə isə Coy-Lens Mikels "Sabah"ın ikinci qolunu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Turnirin növbəti mərhələsində "Sabah" Polşanın "Lex" və Danimarkanın "Orhus" komandaları arasındakı qarşıdurmanın qalibi ilə qarşılaşacaq. "Lex" bu gün Danimarka təmsilçisi ilə cavab oyununa çıxacaq. İlk oyunda Polşa komandası 4:1 hesabı ilə qalib gəlib.
III təsnifat mərhələsinin oyunları avqustun 4/5-də və 11-də keçiriləcək.
Qeyd edək ki, iki oyunun nəticəsinə görə, "Sabah" ən azı Konfrans Liqasının əsas mərhələsində iştirakını təmin edib. Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olacağı təqdirdə, komanda mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirmək imkanı qazanacaq.
Əgər "Sabah" bu mərhələdə də uduzarsa, birbaşa Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Beləliklə, "Sabah" tarixində ilk dəfə avrokubok turnirinin əsas mərhələsində çıxış etmək hüququ qazanıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının hazırkı qalibi "Paris Sen-Jermen"dir.
Almaz Həsənli












.jpg)


















































































