Bolqarıstanda prezident seçkilərinin birinci turu başa çatıb
Bolqarıstanda prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri tələb olunan mütləq səs çoxluğunu qazana bilməyib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 95,3 faizi hesablandıqdan sonra hazırkı dövlət başçısı İliyana Yotova 34,6 faiz səslə liderlik edir. İkinci yerdə isə Qərbyönümlü keçmiş baş nazir Andrey Gürov 32 faiz səslə qərarlaşıb.
Oxuməni. az xəbər verir ki, bu barədə BNT telekanalı Mərkəzi Seçki Komissiyasının məlumatlarına istinadən məlumat yayıb.
Prezidentlik uğrunda mübarizədə iki lider arasındakı fərq 2,56 faiz bəndi təşkil edir.
Üçüncü yerdə Rusiyayönümlü ultrasağçı “Vazrajdane” partiyasının lideri Kostadin Kostadinov qərarlaşıb. O, səslərin 12,62 faizini toplayıb.
Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə seçici fəallığı cəmi 22,2 faiz təşkil edib. Bu göstərici 50 faizdən çox olan tələb olunan səviyyədən xeyli aşağıdır. Seçkilərin ikinci turunun noyabrın 1-də keçirilməsi gözlənilir.
Qeyd edək ki, Yotova siyasi baxışları və idarəçilik üslubu baxımından Rumen Radevin birbaşa davamçısı hesab olunur. O, hələ 2017-ci ildə Radevin ilk prezidentlik müddətindən etibarən onun vitse-prezidenti olub.
Xatırladaq ki, Bolqarıstanda prezidentin səlahiyyətləri formal olaraq məhdud olsa da, bu vəzifəni tutan siyasətçi müəyyən istisnalarla ölkəni beynəlxalq arenada təmsil edir, silahlı qüvvələrin ali baş komandanı hesab olunur, baş prokurorun və ali məhkəmələrin rəhbərlərinin təyin edilməsi ilə bağlı fərmanları imzalayır, konstitusiyada müəyyən edilmiş məhdud siyahıya daxil olan şəxslər arasından müvəqqəti baş nazir təyin edir və parlamentin qəbul etdiyi qanunlara veto qoymaq hüququna malikdir.
Almaz Həsənli





















.jpg)






























































