Rusiya və Ukrayna Oleşkidə atəşkəs barədə razılığa gəlib
Rusiya və Ukrayna Rusiya qoşunlarının nəzarətində olan Aleşki şəhəri (ukraynaca adı — Oleşki) ərazisində humanitar yardımın çatdırılmasını təmin etmək və sakinlərin təxliyəsinə hazırlıq görmək məqsədilə döyüş əməliyyatlarının müvəqqəti dayandırılması barədə razılığa gəliblər. Oxuməni.az xəbər verir ki, bu barədə cümə günü yayımlanan Ağ Evin press-relizində bildirilir.
Ağ Evin məlumatına görə, razılaşma ABŞ-ın birinci xanımı Melaniya Trampın iştirakı ilə əldə olunub.
Oleşkidə atəşkəs oktyabrın 29-da başlayacaq.
“Ölkələrin hərbi nümayəndələri deyil, mülki rəhbərləri birlikdə çalışaraq Oleşki sakinlərini evlərində ziyarət edəcək və onların ehtiyac duyduğu yardımın səviyyəsini müəyyənləşdirəcəklər. Təxliyə olunmaq istəyən sakinlər seçdikləri təyinat məntəqəsinə koordinasiyalı dəstək və nəqliyyatla təmin ediləcəklər. Güman edirəm ki, bəziləri Rusiyaya, bəziləri isə Ukraynaya getmək istəyəcək”, — deyə Melaniya Tramp bildirib.
ABŞ-ın birinci xanımı əlavə edib ki, bütün proses Amerika mediasının jurnalistləri tərəfindən sənədləşdiriləcək. Hansı media qurumunun nəzərdə tutulduğu dəqiqləşdirilmir. “Bu, hər bir ailənin istəyinin dəqiq şəkildə yerinə yetirilməsində mühüm rol oynayacaq”, — deyə o bildirib.
Bundan əvvəl Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets Ukrayna və Rusiyanın Oleşkidə qalan əhalinin təxliyəsinə hazırlaşdığını açıqlamışdı. Onun sözlərinə görə, söhbət şəhərin özündən və yaxınlıqdakı daha altı yaşayış məntəqəsindən təxliyədən gedir. Ukrayna tərəfinin qiymətləndirməsinə görə, orada təxminən 6 min mülki şəxs, o cümlədən 200-ə qədər uşaq qala bilər.
Oktyabrın 16-da Roma Papası XIV Leo Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Oleşki ərazisində atəşkəsə çağırıb. Pontifik şəhərdəki ağır humanitar vəziyyətlə bağlı “dərin narahatlığını” ifadə edib, ərzaq və dərmanların çatdırılması, eləcə də mülki əhalinin könüllü və təhlükəsiz şəkildə təxliyəsi üçün şərait yaradılmasına çağırıb.
Almaz Həsənli
























































.jpg)














.jpg)












