ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollar dəyərində nəqliyyat vasitələri və avadanlıq verib

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollar dəyərində nəqliyyat vasitələri və avadanlıq verib

16:12
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına ümumi dəyəri 1,4 milyon dollar olan nəqliyyat vasitələri və xüsusi avadanlıq təqdim edib. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yardım ABŞ Dövlət Departamentinin ixraca nəzarət və sərhəd təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində göstərilib. Bu dəstək Ermənistanın sərhəd xidmətinin modernləşdirilməsinə və sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.

Səfirlikdə qeyd edilib: “Göstərilən dəstək ABŞ-ın Ermənistanın sərhədlərin idarə olunması sahəsində potensialının gücləndirilməsinə və regional qarşılıqlı əlaqələrin inkişafına, o cümlədən “Tramp marşrutu” (TRIPP) layihəsi çərçivəsində, dəyişməz sadiqliyini əks etdirir”.

Avqust ayında Ermənistan və ABŞ qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Memorandumda qeyd olunub ki, ölkələr “Sülh kəsişməsi” layihəsinin potensialının artırılması çərçivəsində Ermənistan sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi sahəsində əməkdaşlıq edəcəklər.

Ermənistan hökumətinin təşəbbüsü ilə irəli sürülən “Sülh kəsişməsi” layihəsi guya regionda, xüsusilə Ermənistanla Azərbaycan, eləcə də Ermənistanla Türkiyə arasındakı bütün nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını nəzərdə tutur.

Almaz Həsənli