İtalyanlar Ferrari 308 modelinin müasir interpretasiyasını təqdim ediblər

İtalyanlar Ferrari 308 modelinin müasir interpretasiyasını təqdim ediblər

16:14
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın AC Motorsport şirkəti mühəndislik və yarış avtomobilləri üzrə ixtisaslaşmış Michelotto şirkəti ilə birlikdə Ferrari 308 GTB modelinin əsasında hazırlanmış Michelotto Gruppo 4 Tributo idman avtomobilini təqdim edib. Yeni modeldə klassik italyan idman avtomobilinin dizaynı müasir konstruksiya və atmosfer V8 mühərriki ilə birləşdirilib. Oxuməni. az xəbər verir ki, bu barədə Autopilot.ru məlumat yayıb.

AC Motorsport şirkətinin təsisçisi Françesko Kaltsavara əvvəllər Michelotto şirkətində çalışıb, öz şirkətini isə iki il əvvəl yaradıb.

Orijinal avtomobillər əsasında hazırlanan restomodlardan fərqli olaraq, Gruppo 4 Tributo boruşəkilli şassi və yüngül kompozit kuzov panelləri ilə təchiz edilmiş tamamilə yeni avtomobildir. Modelin ölçüləri və əsas proporsiyaları Ferrari 308-ə yaxındır. Bununla belə, genişləndirilmiş təkər tağları avtomobilə daha aqressiv görünüş verir.

Yeni modelin xarici görünüşü alçaq ön hissəsi, açılıb-bağlanan faraları, kapotda və ön qanadlarda yerləşən havalandırma dəlikləri, eləcə də qapıların arxasındakı iri hava girişləri ilə orijinal Ferrari 308-i xatırladır. Arxa hissədə dörd dairəvi fənər, qoşa egzoz boruları və açıq karbon lifindən hazırlanmış diffuzor yerləşdirilib.

Michelotto Gruppo 4 Tributo 380 at gücünə və 365 Nm fırlanma anına malik 3,4 litrlik atmosfer V8 mühərriki ilə təchiz olunub. Mühərrik mexaniki sürətlər qutusu ilə birlikdə işləyir.

Avtomobilin boş kütləsi 950 kiloqramdır. Bu, orijinal Ferrari 308 modelindən təxminən 140 kiloqram azdır.

Gruppo 4 Tributo adı Michelotto tərəfindən hazırlanmış Ferrari 308 GTB ralli versiyalarına istinad edir. Yeni idman avtomobilinin qiyməti hələ açıqlanmayıb.

Almaz Həsənli