Suriyanın taleyi Türkiyənin bölgədəki maraqlarının təmin edilməsindən asılıdır

Suriyanın taleyi Türkiyənin bölgədəki maraqlarının təmin edilməsindən asılıdır

Bəyəndim (1) Bəyənmədim (0)

Beynəlxalq səviyyədə həyata keçirilən tədbirlərə baxmayaraq Yaxın Şərqdə müharibə alovlarını söndürmək mümkün olmur. Bu baxımdan Livanla İsrail arasında atəşkəs elan olunmasının ardınca Suriyada hökumətə müxalif güclərin hücuma keçərək Hələb şəhərinə daxil olmasından sonra Əsəd rejimi özünün ən ağır günlərini yaşamağa başlayıb. Belə ki, Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışması Əsədi özünün ən güclü müttəfiqindən məhrum edib. İran isə İsraillə de fakto müharibə vəziyyətindədir. Üstəlik Hizbullah və Həmasın İsraillə müharibədə ağır zərbələr alması İranın Suriyada da öz mövqelərini itirməsi anlamına gəlməkdədir. Belə bir vəziyyətdə Əsəd sülh təklifinə rədd cavabı verdiyi Türkiyə ilə dil tapmağa çalışır. Bu məqsədlə Əsəd Rusiya və İran vasitəsi ilə Türkiyəni yola gətirməyə ümid edir.

Bunu İslam Respublikasının Xarici işlər naziri Abbas Əraqçinin dekabrın 2-də Ankaraya səfəri də sübut edib. Türkiyəli həmkarı Fidanla görüşdən sonra İran diplomatiyasının rəhbəri ölkələr arasında ziddiyyətlərin olduğunu etiraf edib. O deyib ki, Suriyaya münasibətdə ziddiyyətlər var, amma biz həmişə fikir ayrılıqlarını müzakirə etmişik.

Bununla belə, heç kimə sirr deyil ki, Heyət Təhrir əş-Şamın (HTŞ) hücumları Ankaranın maraqlarına uyğun hesab edilə bilər.

B müstəvidə Ankara hələ də Astana prosesinin - Rusiya, Türkiyə və İranın himayəsi altında diplomatik platformanın canlandırılmasının zəruriliyindən danışır. “Əhəmiyyətli uğur ondan ibarət idi ki, Astana prosesinin köməyi ilə Suriyada müharibə müəyyən nöqtədə dayandırıldı, tərəflər atəşkəs vəziyyətində idilər”, - deyə Fidan Əraqçi ilə görüşdən sonra qeyd edib.

B Əraqçi həmçinin Suriyaya da səfər edib. O, Suriya Ərəb Respublikasına radikal qrupları zərərsizləşdirmək üçün lazım olan hərbi yardım xətlərini davam etdirəcəyinə əmin edib. Ərəb mətbuatında İraqın şiə silahlılarını Suriyaya göndərdiyi barədə xəbərlər yayılıb. Bu yarımhərbi qruplaşmalar İran təhlükəsizlik qüvvələrinin birbaşa koordinasiyası ilə Dəməşq hökumətinə dəstək veriblər.

Dekabrın 2-də Suriya lideri iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb. Söhbət zamanı Əsəd deyib ki, terrorçuluq fəaliyyətinin artması regionu bölmək, ölkələri parçalamaq və xəritələri yenidən çəkmək kimi uzaq məqsədləri əks etdirir.

Ötən gün isə İranın xüsusi təyinatlıları kiçik dəstələr halında Suriya ilə sərhədi keçiblər. Onların isə müxalif qüvvələrin hücumunun qarşısını ala biləcəyi indiki vəziyyətdə inandırıcı görünmür. Çünki İsrail demək olar hər gün Suriyadakı İran mövqelərinə zərbələr endirməkdə davam edir. Üstəlik müxalif gücləri ABŞ-da dəstəkləyir. Belə bir vəziyyətdə Suriyanın taleyi Türkiyənin məsələyə münasibətdə hansı mövqe tutmasından asılı olacaq. Belə ki, Ankaranın bölgədə öz maraqları var. Türkiyə kürd terrorçu qruplaşmalarının bölgədən çıxarılması və 30 kilometrlik məsafədə silahsızlaşdırılmış ərazi yaradılmasını təklif edir. Əsəd isə bu günə kimi Türkiyənin bu təklifinə cavabında Ankaraya bölgədən qoşunlarını çıxarmağı təklif edib. Məhz bu baxımdan Suriyanın taleyi Türkiyənin bölgədəki maraqlarının təmin edilməsindən asılıdır. Əks halda Əsəd rejimi özünün ən ağır günlərini yaşamaqda davam edəcək.

Əziz Mustafa