
Bu gün Türkiyənin Çanaqqala zəfərinin 110-cu ildönümüdür
Martın 18-i Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından olan Çanaqqala döyüşlərinin 110-cı ildönümüdür.
Çanaqqala döyüşü türk tarixinin şərəf nöqtəsidir. O tarixi savaşdan bizi 110 il ayırır və zaman keçdikcə unudulmur, köhnəlmir, həmişə xatırlanır. Birinci Dünya müharibəsində 1915-1916-cı illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verən döyüş sözün həqiqi mənasında bir millətin gücünü ortaya çıxararaq onun nəyə qadir olduğunu göstərən savaş olub.
Oxuməni.az xəbər verir ki, 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşləridir. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini qəti şəkildə həll etməyi planlaşdırırdılar. Lakin türk ordusunun qəhrəmanlığı düşmənin bu planını puça çıxardı. Bu qanlı döyüşlərdə hər iki tərəf ağır itkilər verib. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də tam məğlubiyyətə uğradı. Bu döyüşlər türk xalqının hərb tarixinə qızıl hərflərlə yazılıb.
Bildirək ki, 250 min Osmanlı əsgərinin şəhid olması bahasına əldə edilən bu tarixi qələbə Türkiyə Cümhuriyyətinin qurulmasından sonra ölkə Parlamentinin qərarı ilə hər il martın 18-də “Çanaqqala Zəfəri” kimi qeyd edilir.
Xatırladaq ki, Çanaqqala müharibəsində 3 mindən artıq azərbaycanlı əsgər də şəhid olub.
Almaz Həsənli