Rusiya-Ermənistan münasibətlərində gərginlik davam edir

Rusiya-Ermənistan münasibətlərində gərginlik davam edir

4 Aprel 16:00
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük haqqı verməkdən imtinasından və Avropa İttifaqına üzv olmaq barədə qərar qəbul etməsindən sonra İrəvan- Moskva münasibətlərində yeni gərginlik əmələ gəlib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin İrəvana səfəri də bir daha təsdiq edir. Rusiya rəsmisi İrəvanda verdiyi açıqlamada təhdidedici şəkildə bəyan edib ki, Ermənistanın eyni zamanda KTMT, Avrasiya İqtisadi İttifaqı (Aİİ), həm də Avropa İttifaqına (Aİ) üzvlüyü mümkün deyil. Miroşnik eyni zamanda Ukrayna münaqişəsinə toxunaraq Zelenskinin NATO-ya üzv olma istəməsinin adı çəkilən ölkəyə fəlakətlər gətirdiyini bəyan edib. Bununla da Miroşnik faktiki olaraq Rusiyanın Ermənistana müdaxilə edə biləcəyi barədə İrəvana xəbərdarlıq edib.

Miroşnikdən əvvəl də Rusiya Xarici şlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, o cümlədən Sergey Lavrov Ermənistana Aİ-yə üzv olmanın İrəvana yaxşı heç nə vəd etmədiyi barədə xəbərdarlıq edib. Əslində Rusiyanın bu günə kimi Ermənistanı cəzalandırmamasının səbəbi erməni əsilli Sergey Lavrov və Nazirlər Kabinetinin rəhbəri Mişustindir. Kremldəki mənbələrdən mətbuata sızan məlumatlara görə, Mixail Mişustin və Lavrov Putini Ermənistanla bağlı problemi Ukrayna müharibəsindən sonraya saxlamağa və gec-tez İrəvanı Rusiyanın təsir dairəsinə qaytara biləcəklərinə inandıra biliblər. Bununla bağlı Rusiyanın yüksək səviyyəli dövlət rəsmiləri tərəfindən Ermənistana xəbərdarlıq edilməsi də təsadüfi deyil.

Rusiyanın Ermənistana müdaxilə edə bilməsi ehtimalına münasibət bildirən politoloq Oqtay Qasımov Globalinfo.az-a açıqlamasında deyib ki, indiki vəziyyətdə hələlik Rusiyanın Erməistana ciddi təsir etmə imkanı yoxdur. Ona görə də Rusiya Paşinyanın nazı ilə oynamaqda davam edir və bunun nə qədər davam edəcəyini bilmək olmaz.

Necə deyərlər, Ermənistana Rusiyanın müdaxilə etməsi ilk növbədə Ukraynada münaqişənin nə vaxt başa çatacağı və bununla bağlı beynəlxalq aləmdə əmələ gələn siyasi vəziyyətdən asılı olacaq. Bu baxımdan istənilən halda Rusiyanın Ermənistana hədələrini təsadüfi hesab etmək olmaz və bunun sadəcə olaraq zamana ehtiyacı var.

Əziz Mustafa