Ağdaban faciəsindən 33 il ötür

Ağdaban faciəsindən 33 il ötür

8 Aprel 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür.

Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni seperatcılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Ağdaban qətliamı törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyasının müddəalarına uyğundur, beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsiyə etməyə imkan verir və Aqdaban kəndinin dinc əhalisinə qarşı erməni-rus silahlı qüvvələri tərəfindən törədilən bu qırğın soyqırım cinayəti kimi dünya cəmiyyəti tərəfindən tanınmalıdır.

Qeyd edək ki, Ağdaban faciəsi - bəşər tarixinin silinməz qara səhifəsi, erməni seperatçılarının dünya ictimaiyyətinin gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamı idi. Ağdaban faciəsi Xocali, Xatin və Sonqimi soyqrımı siyasətinin dəhşətli təkrarı kimi xarakterizə edilir.

Almaz Həsənli