Azərbaycan Türkiyə ilə İsrail arasında qardaşlıq körpüsünə çevrilir

Azərbaycan Türkiyə ilə İsrail arasında qardaşlıq körpüsünə çevrilir

11 Aprel 16:00
Bəyəndim (1) Bəyənmədim (0)

Son illərdə beynəlxalq səviyyədə Azərbaycan dünyada bir çox problemlərin həll edilməsində önəmli mərkəzlərdən birinə çevrilməkdədir. Bunu istər Rusiya-ABŞ münasibətlərində, istərsə Ukrayna-Rusiya münaqişəsinin, istərsə də digər regional qarşıdurmaların həlli üçün yüksək səviyyəli dövlət rəsmilərinin Bakıda görüşməsi də bir daha təsdiq edir. Bu baxımdan Azərbaycanın qardaş Türkiyənin Rusiya və İsrail arasında olan problemlərin aradan qaldırılmasında vasitəçilik missiyasını uğurla həyata keçirməsi ölkəmizin beynəlxalq səviyyədə daha da möhkəmlənməkdə olan nüfuzunun daha bir bariz nümayişinə çevrilib

Ötən gün Suriyada və Fələstində baş verənlərə münasibətdə aralarında soyuqluq yaranan Türkiyə və İsrail arasında ziddiyyətləri aradan qaldırmaq üçün Azərbaycan daha bir addım atıb. Belə ki, Azərbaycanın təşəbbüsü ilə Türkiyə və İsrail rəsmiləri qarşılıqlı ziddiyyətləri aradan qaldırmaq üçün Bakıda bir araya gəliblər. Baş nazir Benyamin Netanyahunun göstərişi ilə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbinin başçılıq etdiyi hərbi-siyasi nümayəndə heyəti, o cümlədən Müdafiə Nazirliyi və təhlükəsizlik qurumlarının nümayəndələri və onların türkiyəli həmkarları arasında məsləhətləşmələr keçirilib. İlkin məlumatlara görə tərəflər qarşılıqlı anlaşılmazlıqları aradan qaldırmaq və belə görüşlərin davam etməsi barədə razılığa gəliblər. Müzakirələr zamanı Türkiyə İsraili Suriya ərazisinə hücumları dayandırmağa çağırıb. İsrail isə öz növbəsində Türkiyənin Suriyada hərbi bazasının yaradılmasının ölkəsi üçün təhlükə mənbəyi olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Xatırladaq ki, danışıqlarla bağlı israilli diplomatlardan biri “Kommersant”a bildirib ki, Türkiyənin Homs şəhərində hərbi baza qurması İsrail üçün potensial təhlükə mənbəyi ola bilər. Məsələ ilə bağlı aprelin 8-də Benyamin Netanyahu İsrailin Suriyada türk hərbi bazalarının yaradılmasına qarşı çıxacağını açıq və qəti şəkildə bəyan edib.

Belə bir vəziyyətdə Azərbaycanın qardaş Türkiyə və İsrail arasında ziddiyyətlərin aradan qaldırılmasına yönələn səyləri təqdirəlayiqdir və bu, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi deməkdir.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən siyasi şərhçi Əhməd Abbasbəyli deyib ki, Türkiyə-İsrail münasibətləri Azərbaycan üçün son dərəcə vacib və həssas bir məsələdir. O qeyd edib ki, xüsusilə bu münasibətlərin gərginliyin pik həddinə çatdığı, Qərb mediasında hətta İsrail-Türkiyə müharibəsi ehtimalının müzakirə olunduğu bir dövrdə, Azərbaycanın bütün gücü ilə proseslərin müsbət məcraya yönəlməsinə, iki ölkə arasında yeni, nikbin, hər iki tərəf üçün sərfəli və şərəfli bir səhifənin açılmasına çalışması, təkcə əsl dost və müttəfiq davranışı deyil, eyni zamanda, təbii və məsuliyyətli mövqedir.

Azərbaycanın İsraillə Türkiyə arasında dostluq, sülh və qardaşlıq körpüsünə çevrilməsi ölkəmizin həm də iki önəmli müttəfiqi arasında yaxınlaşma deməkdir və bu, bizim üçün olduqca vacib və önəmli bir məsələdir. Nəhayət Türkiyə-İsrail yaxınlaşması Suriyada sülh və sabitliyin əldə edilməsi, deməkdir.

Beləliklə Bakıda keçirilən İsrail-Türkiyə danışıqlarında tərəflər arasında yaxınlaşmaya doğru atılan addım Azərbaycanın xarici siyasət sahəsində qazandığı daha bir uğurdur.

Əziz Mustafa