
Rusiyada Qərbə qarşı Anti-Münhen konfransı keçirilir
Bu gün dünyanın 120-dən çox ölkəsindən ən nüfuzlu şəxslərdən bəziləri - təhlükəsizlik şuralarının katibləri, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik məsələləri üzrə köməkçiləri, təhlükəsizlik blokuna cavabdeh olan baş nazirin müavinləri, nazirlər, həmçinin xüsusi xidmət orqanlarının və ixtisaslaşmış beynəlxalq strukturların rəhbərləri Moskvaya gəlməyə başladılar. 27-29 may tarixlərində davam edəcək konfrans faktiki olaraq Rusiya tərəfindən Münhen Təhlükəsizlik Şurasına qarşı yeni analoji qurumun yaradılması məqsədi daşıyır. Bu da əsassız deyil. Rusiyanın hərbi güc tətbiq etməsinə cavab olaraq Qərbin sərt addımlar atması Putin rejiminin faktiki olaraq müttəfiqsiz qalmasına gətirib çıxarıb.
Rusiyanın hərbi güc tətbiq etməklə işğalçılıq siyasətini yenidən gücləndirməsi Avropa İttifaqını öz iqtisadiyyatını hərbiləşdirmək və Rusiya ilə müharibəyə hazırlıq yoluna qədəm qoymağa məcbur edib. Yenidən silahlanmaya artıq 800 milyard avro ayrılıb. Qərb Rusiyanın Ukrayna avantürasına qarşı Zelenski rejimini dəstəkləməkdə davam edir. ABŞ və NATO ölkələri faşist Putinin Rusiyanı nasist və qaniçən dövlətə çevirməsinə, yeni işğalçılıq siyasətini önə çıxarmasına və Ukraynada soyqırımı həyata keçirməsinə cavab olaraq silahlanma xəttinə üstünlük verməyə başlayıblar.
Rusiya təkləndiyini hiss edərək özünə yeni müttəfiqlər axtarışına çıxıb. Bunu aprelin 29-da Rusiya Prezidenti Vladimir Putinin verdiyi açıqlama da sübut edir. Həmin açıqlamada Putin həyasızcasına deyib: “Dünya birliyi başqalarının maraqlarına zərər vermədən bütün dövlətləri etibarlı şəkildə qoruyacaq bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasını yaratmaq üçün birgə işləməlidir”.
Konfrans beynəlxalq münasibətlər sahəsində nüfuzlu rusiyalı ekspertlərdən ibarət Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Elmi Ekspert Şurasının Qlobal Problemlər və Beynəlxalq Təhlükəsizlik Komitəsinin üzvləri tərəfindən keçirilir. Xarici iştirakçılara “2025: Dünyanın transformasiyası” adlı məruzə təqdim olunacaq.
Konfransa dəvətlilər arasında dünyanın tanınmış siyası simaları var. Hələlik onlardan kimlərin bu konfransda iştirak edəcəyi məlum deyil. Bunula belə konfransda Rusiyanın müttəfiqi hesab edilən Çin, İran, Şimali Koreya, bir çox MDB və Rusiya meyilli bəzi Avropa ölkələrindən olan siyasilərin iştirak edəcəyi istisna deyil. Bütün hallarda öncədən aydındır ki, Rusiya həmin bu yolla çətin ki, beynəlxalq aləmdə yeni Anti-Münhen qurumu yarada bilsin. Necə deyərlər, beynəlxalq aləmdə Rusiya çətin ki, özünün təcrid olunmasının və bir dövlət kimi məhv olmasının qarşısını ala bilsin.
Əziz Mustafa, Oxuməni.az