Azərbaycan Pakistandan aldığı qırıcıların sayını 40-a yüksəldib?

Azərbaycan Pakistandan aldığı qırıcıların sayını 40-a yüksəldib?

29 May 15:32
Bəyəndim (0) Bəyənmədim (0)


Dünya mediası 4.2 milyard dollarlıq yeni müqavilədən danışır

“3 qardaş”ın Laçında keçirilən görüşü Ərəb dünyasında da maraqla qarşılanıb. Bu görüşlə bağlı Səudiyyə Ərəbistanında nəşr olunan ingilisdilli gündəlik qəzet olan “Arab News” geniş məqalə təqdim edib.

Məlumat üçün deyim ki, 2019-cu ilin may ayından etibarən bu qəzet Səudiyyə Ərəbistanının taxt-tacın bir addımlığında olan vəliəhdi Məhəmməd bin Salmanın qardaşı Şahzadə Turki bin Salman Əl Səuda məxsusdur.

Qəzet Səudiyyə hökumətinin rəsmi mövqeyini təbliğ edir.

“Arab News” yazır ki, İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub və Pakistana 2 milyard dollar sərmayə qoymağa hazırdır. O, həmçinin Azərbaycanın Pakistanın müdafiə sənayesi ilə daha sıx əməkdaşlığı nəzərdə tutduğunu bildirib:

"Biz inanırıq ki, böyük potensial var və bunun böyük əhəmiyyəti var. Müdafiə sənayesində birgə hərbi təlimlər və layihələr silahlı qüvvələrimizin potensialını artırar. Bununla da müdafiə sahəsində həyata keçiriləcək əməkdaşlıq geniş coğrafiyada sülh və sabitliyi təmin edə bilər".

“Arab News” yazır ki, son həftələrdə Azərbaycan Pakistandan dəyəri 4.2 milyard dollar olan JF-17 “Thunder” yüngül çoxməqsədli qırıcı təyyarələrinin idxalını sürətləndirib. Pakistanın tədarük edilən qırıcıların sayının 16 ədəddən heyrətamiz dərəcədə 40-a çatdırıldığı barədə çoxsaylı məlumatlar yayılıb. Sözügedən təyyarənin JF-17 ailəsinin ən son və ən qabaqcıl modeli olduğu deyilir. Block III Pakistan və Çin tərəfindən birgə hazırlanmış və hazırkı qlobal bazarda ən sərfəli döyüş təyyarələrindən biri kimi tanınır və 4,5 nəsil qırıcılar sinfinə daxildir.

Xatırladım ki, Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında 1,6 milyard dollarlıq müqavilə imzalanıb. Həmin müqavilədə 16 qırıcının idxalı nəzərdə tutulmuşdu. İndi isə söhbət 4.2 milyard dollardan və 40 qırıcıdan gedir. Bu, kəskin fərq deməkdir. Onu da qeyd edim ki, sürəti saatda 2 205 kilometr olan bu qırıcılar "hava-hava" və "hava-yer" təyinatlı raketləri və digər bombaları daşıya bilir. Ən önəmlisi isə odur ki, Türkiyə istehsalı olan raketlərin bu qırıcılara inteqrə edə bilirik. Eləcə də bu qırıcı həm NATO, həm Rusiya, həm də Çin istehsalı olan sursatları istifadə etmək qabiliyyətinə sahibdir. Bu isə o deməkdir ki, Azərbaycan havada nəinki Ermənistana, hətta İrana qarşı da dominant üstünlüyə nail olacaq.

“Aviacionline.com” saytı yazır ki, Pakistan bu JF-17 Block III qırıcısını Argentinaya 50 milyon dollara təklif edib.

“Aviation.stackexchange.com” saytı isə bu qırıcıların 55 milyon dollar olduğunu bildirib. Belə ki, İraq Pakistana 667 milyon dollar ödəyərək 12 ədəd belə qırıcı alıb.

Azərbaycanın bu qırıcıya görə Pakistana 35-40 milyon dollar ödədiyi ehtimal olunur. Bu isə o deməkdir ki, 4.2 milyard dollara Azərbaycan Pakistandan 100-dən çox qırıcı alacaq. O da ola bilər ki, Azərbaycan Pakistandan 40 qırıcı alacaq və yerdə qalan pula digər Pakistan silahlarının idxalı nəzərdə tutulub.

Silah ticarətində məxfilik xüsusi önəm daşıyır. Ona görə də bir çox sövdələşmələrin gizli saxlanılır...

“Defencesecurityasia.com” saytı isə bugünlərdə yazmışdı ki, Azərbaycanın alacağı qırıcıların sayını 16-dan 40 qaldırmaq üçün Pakistanla 4.2 milyard dollarlıq müqavilə imzaladığı söylənilir. Əgər belədirsə, bu, Pakistanın ən böyük qırıcı ixracı olacaq. Yəni Azərbaycan JF-17 Block III qırıcısının alışı baxımdan Nigeriya və Myanmarı belə arxada qoyacaq.

“Azərbaycanın II Qarabağ Müharibəsi zamanı əldə etdiyi hava üstünlüyü, xüsusən də dronlar Azərbaycan ordusunun "Dağlıq Qarabağ"a nəzarətə yiyələnməkdə mühüm rol oynayıb. Pakistandan qırıcıların (söhbət 40 qırıcıdan gedir. E.H.) alması təsdiqlənərsə, bu, Bakıya yaxın perspektivdə Ermənistan üzərində strateji üstünlük verə bilər”, - Qərbə bağlı “eurasianet.org” saytı sözügedən 4.2 milyard dollarlıq müqavilənin Azərbaycan-Ermənistan qarşıdurmasına təsirini belə dəyərləndirib.

Elbəyi Həsənli