Rusiyanın Azərbaycana təzyiqləri əks nəticələr verə bilər

Rusiyanın Azərbaycana təzyiqləri əks nəticələr verə bilər

24 İyul 14:19
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiya-Azərbaycan münasibətlərində özünü göstərən gərginlik və Kremlin Bakıya təzyiq cəhdləri ara vermir. Bu baxımdan Rusiyada yaşayan azərbaycanlılara və iş adamlarına qarşı tətbiq edilən təzyiqlərə paralel olaraq ölkəmizdə yaşayan rusdillilərin hüquqlarının "müdafiəsinə" can atılması məsələsi də diqqəti cəlb edib. Bu müstəvidə də Kremlin sözçüsü Dmitri Peskovun Azərbaycan-Rusiya münasibətləri ilə bağlı dedikləri Rusiyanın oynadığı çirkin niyyətləri ortaya çıxarıb. Peskov iddia edib ki, Azərbaycanda rusdilli əhalinin guya hüquqları pozulur və Rusiya buna biganə qala bilməz. Halbuki son hadisələrə kimi Rusiya Azərbaycanda rus dilinin inkişafına verilən töhfəyə görə ölkəmizi dəfələrlə digər postsovetməkanı ölkələrinə nümunə göstərirdi. Çünki indinin özündə Azərbaycanda 340 rusdilli məktəb fəaliyyət göstərir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Amma məhz bu fakt görünür bizim əleyhimizə işləməkdədir. Rusiya rusdilliərin müdafiəsi adı altında ondan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Halbuki Rusiyada yaşayan 3 milyondan yuxarı azərbaycanlının ana dilində oxumaq və yazmaq imkanları yoxdur və Kreml istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə buna qarşı çıxır. Necə deyərlər bir atalar sözündə deyildiyi kimi, oğru elə bağırır ki, doğrunun bağrı yarılsın. Görünür Rusiyada belə hesab edirlər ki, müxtəlif təzyiq və təhdidlərlə Azərbaycana təsir göstərə və təhdid yolu ilə nələrəsə nail ola biləcəklər.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq Asif Nərimanlı deyib ki, Yekaterinburqda azərbaycanlıların öldürülməsindən sonra Rusiyanın etnik azərbaycanlılara qarşı hücum dalğasının genişlənməsi Azərbaycana təzyiq məqsədi daşıyır. Onun sözlərinə görə, Moskvada düşünürlər ki, bu yolla Azərbaycana təzyiq göstərə biləcəklər.

Asif Nərimanlı: “Bu hücumların əsas hədəfi Azərbaycana təzyiq etmək məqsədi daşıyırdı və bu yolla rəsmi Bakını müstəqil siyasətindən geri addım atmağa məcbur edəcəklərini düşünürdülər. Alınmadı. Peskov isə indi manipulyasiya edir və “qarşılıqlıq prinsipi” görüntüsü yaratmağa səy göstərir. Digər tərəfdən, Azərbaycanda ruslara qarşı mənfi münasibət iddiası Rusiyanın imperiya siyasətinin tərkib hissəsidir. Bilirik ki, Rusiya, xüsusilə də rusların yaşadığı ölkələrə qarşı hücumda, təzyiq siyasətində həmişə etnik ruslardan kart kimi istifadə edir",-deyib.

Politoloq belə hesab edir ki, bütün bunlar yanlış, imperiya siyasəti ilə yaşamanın nəticəsidir və çətin ki, bu, Rusiya üçün istənilən nəticəno versin. Belə ki, Azərbaycan tarixboyu tolerant ölkə kimi tanınıb və burada yaşayan ruslara münasibət həmişə xoş olub.

Hələlik Rusiyanın Azərbaycana qarşı digər təhdidləri də cəlb edir və hətta bəziləri az qala Putini Azərbaycana qarşı müharibəyə çağırırlar. Buna misal kimi ölkəmizə düşmən münasibəti ilə seçilən Zatulinin son sayıqlamlarını göstərmək olar. Zatulinin iddiasına görə, Azərbaycan Rusiyanın strateji müttəfiqi deyil və Rusiya Bakıya qarşı müharibə də daxil olmaqla ən sərt addımlar atmalıdır.

Halbuki bu sərsəm Zatulin unudur ki, hazırda Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb və Azərbaycanla müharibə onıara qarşı ikinci cəbhənin açılması demək ola bilər. Digər tərəfdən də Zatulin bu məsələdə Türkiyə amilini də unudur və bununla siyası korluğunu ortaya qoyur. Çünki Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı hərbi yardım barədə anlaşma var. Anlaşmaya əsasən tərəflərin hər hansı birinə hücum edilərsə, digəri onun köməyinə gələcək. Yəni Azərbaycana qarşı müharibə Türkiyəyə qarşı müharibə demək olacaq.

Xatırladaq ki, SSRİ-nin dağılmasında da Zatulin kimi faşist və şovinist qızışdırıcılar önəmli rol oynadılar. Üstündən illər ötsə də hadisələrin gedişi göstərir ki, Rusiyada imperiya ambisiyaları zəhər kimi beyinlərə işləyib və rusların ondan qurtarması heç də asan olmayacaq. Belə bir vəziyyətdə Rusiya tərəfindən Azərbaycana qarşı təzyiqlərin artması çətin ki, Kremlə uğur gətirsin.

Əziz Mustafa