Azərbaycan qazının Suriyaya nəql edilməsi ölkəmizi Yaxın Şərqdə aparıcı dövlətə çevirir

Azərbaycan qazının Suriyaya nəql edilməsi ölkəmizi Yaxın Şərqdə aparıcı dövlətə çevirir

4 Avqust 12:43
Bəyəndim (5) Bəyənmədim (0)

Beynəlxalq aləmdə Azərbaycanın ildən-ilə öz mövqeyini möhkəmləndirməsi bütün sahələr üzrə özünü parlaq şəkildə göstərməkdədir. Bu baxımdan avqust ayının 2-də Azərbaycan qazının Suriayaya nəqlinə başlanılması ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu bir daha təsdiq etməkdədir. Belə ki, Azərbaycan qazının uzun illər Əsəd rejiminin dağıdıcı təsirlərinə məruz qalan Suriyanın bərpasında iştirak etməsi ölkəmizin enerji ixracatçısı kimi qlobal rolunu daha da möhkəmləndirir. Bütün bunlar isə Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsi olaraq strateji baxımdan da ölkəmizə yeni dividentlər gətirir və bu, beynəlxalq aləmdə də məmnunluqla qarşılanmaqdadır.

Suriyada yeni müvəqqəti hökumətin ölkəni idarə etməyə başlamasından az sonra Azərbaycan adı çəkilən ölkəyə 200 ton humanitar yardım göndərdi və bu istiqamətdə atılan addımlar hazırda da davam etdirilir. Bu müstəvidə də Azərbaycan-Suriya münasibətlərinin inkişaf etdirilməsində yeni bir mərhələnin başlanğıcı ötən ay Türkiyədə baş tutan Antalya forumunda qoyuldu. Forumda iştirak edən Azərbaycan və Suriyanın prezidentləri arasında keçirilən görüş olduqca məhsuldar oldu. İyulun 12-də Suriyanın müvəqqəti hökumətinin rəhbəri Əhməd Əl-Şaraanın Azərbaycana səfəri və tərəflər arasında imzalanan sazişlərlə, o cümlədən Azərbaycan qazının Suriyaya nəqli barədə razılıqla iki ölkə münasibətlərində strateji tərəfdaşlığın əsasları qoyuldu. Məhz bu baxımdan Azərbaycan qazının qısa müddətdə-avqust ayının 2-də Suriyaya nəqlinə başlanılması ölkəmizin Yaxın Şərq siyasətində yeni mərhələnin başlanılması hesab edilir. Bu, həm də enerji təchizatçısı kimi ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirərək Azərbaycanın bölgədə sülhün və əmin-amanlığın bərpasına töhfə verən önəmli dövlət olduğunu göstərir.

İki ölkə arasında əldə edilən razılığa əsasən ilkin mərhələdə Suriyaya hər gün 3,5-4 milyon kubmetr qaz çatdırılacaq. Bu qaz vasitəsi ilə Hələb şəhərindəki istilik elektrik stansiyasında 1200 meqavat enerji istehsal olunacaq. Bununla da 5 milyon insan gündə 10 saat elektrik enerjisi ilə təmin ediləcək. Yəni Azərbaycan bu yolla suriyalıların evlərini işıqlandırmış olacaq. Buna paralel olaraq Azərbaycan həm də Suriyanın dağıdılmış sənayesinin bərpasında iştirak edəcək.

Azərbaycanın Suriyaya qaz nəqlinə başlaması adı çəkilən ölkədə də sevinclə qarşılanıb. Məsələ ilə bağlı jurnalistlərlə söhbətində Suriyanın energetıka naziri Məhəmməd Əlbəşir deyib ki, bu proses birbaşa Suriya xalqının rifahına və işığın davamlı təminatında önəmli rol oynayaraq ölkələrimiz arasında strateji müttəfiqliyi daha da gücləndirəcək.

Azərbaycan qazının Suriyaya nəqli azərbaycanlı ekspertlər tərəfindən də ölkəmizin enerji siyasəti sahəsində tarixi hadisə kimi dəyərləndirilir. Bununla bağlı millət vəkili Azər Badamov Teleqraf.com-a müsahibəsində deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti böyük coğrafiyalarda enerji təhlükəsizliyini təmin etməyə imkan verir. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin (CQD) tikintisinə başlayanda bəzi ölkələr bu layihəni perspektivsiz görürdü və iştirak etməkdən çəkinirdi:
“Amma dövlət başçımızın siyasi iradəsi ilə ərsəyə gəlmiş bu layihə böyük bir coğrafiya üçün çox əhəmiyyətli və alternativsiz layihəyə çevrildi. Belə ki, 2020-ci ilin dekabrında istismara verilən CQD Xəzər dənizində istehsal olunan qazı 13 ölkəyə, o cümlədən 10-u Avropa olmaqla, 8 Avropa İttifaqına daxil ölkələrə ixrac etməyimizə yol açdı. Dünyada baş verən proseslər qazımıza tələbatı daha da artırırdı və ölkə başçımızın siyasi iradəsi ilə ərsəyə gələn beynəlxalq layihələr böyük coğrafiyalar üçün çox əhəmiyyətli layihələrə çevrildi”.

Millət vəkili qeyd edib ki, "bu həm də Əsəd rejimi dövründə ermənipərəst siyasəti yürütdüyünə görə uzun illər tarixi minimuma enmiş Azərbaycan -Suriya münasibətlərinin inkişafında açılan yeni səhifənin başlanğıcıdır. Azərbaycan və Türkiyə Suriyanın yanındadır. Biz birlikdə ölkənin yenidən qurulması və bərpasına töhfələr veririk”.

Politoloq İlyas Hüseynov isə Azərbaycan qazının Suriyaya ixracını ölkəmizin regional və qlobal siyasətdə aparıcı oyunçuya çevirilməsi kimi dəyərləndirib. O, bu istiqamətdə Cənab Prezidentin rəhbərliyi altında atılan addımların ölkəmizə geosiyasi üstünlüklər qazandırdığını söyləyib.

Beləliklə Azərbaycan qazının Suriyaya nəqlinə başlanılması ölkəmizin beynəlxalq aləmdə etibarlı enerji təchizatçısına çevrildiyini bir daha təsdiq edir. Hazırda ölkəmiz Suriya da daxil olmaqla dünyanın 13 ölkəsinə mavi yanacaq ixrac edir. Buraya Azərbaycanın Suriya ilə İsrail arasında aparılan danışıqlar üçün əmin-amanlıq mərkəzinə çevrildiyini də əlavə edəndə bunu ölkəmizin Yaxın Şərq siyasətində yeni bir dövrün başlanması hesab etmək olar. Bütün bunların isə ölkəmizə əlavə olaraq həm iqtisadi, həm siyasi, həm də strateji dividentlər gətirəcəyi şübhə doğurmur.

Əziz Mustafa