
Azərbaycan prezidentinin uğurlu xarici siyasəti nəticəsində Cənubi Qafqaz sülh və sabitlik mərkəzinə çevrilir
Azərbaycan Prezidenti İlham Əliyevin Trampın dəvəti ilə Vaşinqtona səfər edərək orada Ermənistanla keçirilən sammitdə iştirak etməsi Bakı ilə Yerevan arasında sülh sazişinin əldə edilməsinə doğru atılan daha bir uğurlu addım olub. Səfər çərçivəsində ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalanıb. Buna paralel olaraq iki ölkə xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi imzalanıb. Görüşdə Azərbaycan üçün uğurlu hesab ediləcək bir məsələ isə ATƏT-in Minsk prosesinə son qoyulması istiqamətində atılan addım oldu. Bu çərçivədə də hər iki ölkənin xarici işlər nazirləri tərəfindən və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.
Şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında imzalanan sülh müqaviləsi hələ tam sülh demək deyil. Belə ki, sənədin mətnində tərəflər arasında sülhlə bağlı razılaşdırma əldə edildiyini təsdiq edib. Bununla bağlı Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konsitutisiyasının dəyişdirilməsinin zərurəti təsdiqlənmiş olub. Yəni bu dəyişiklik olmayacağı təqdirdə Azərbaycan sülh anlaşmasını imzalamayacaq.
İki ölkə arasında imzalanan Birgə Bəyannamədə çoxdan gözlədiyimiz bir məsələ həllini tapmış olub. Belə ki, sənədə əsasən egionda kommunikasiyaların açılması çərçivəsində ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunub. Buna paralel olaraq sənəddə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması barədə də razılıq əldə edilib. Bu dəhlizin normal fəaliyyəti, o cümlədən Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ABŞ şirkəti tərəfindən həyata keçiriləcək. Sənədin imzalanması ilə bu dəhlizi özünün qırmızı xətti hesab edən İranın əsassız iddialarına son qoyulmuş olub. Beləliklə dəhlizin açılmasını nəzərdə tutan Birgə bəyannamədə nəzərdə tutulanlar Azərbaycanın, Prezident İlham Əliyevin növbəti parlaq qələbəsi, uzagörən siyasətinin daha bir parlaq nümayişinə çevrilib.
Necə deyərlər Azərbaycan Prezidenti İlham Əliyev bununla da 44 günlük müharibədə əldə edilən möhtəşəm qələbədən və ərazilərimizin düşmən tapdağından azad edilməsindən sonra milli maraqlarımızın qorunub saxlanılmasında daha bir zəfərə imza atmış oldu. Bu məsələdə Ulu Öndər Heydər Əliyevimn bütün arzularını həyata keçirən Prezident İlham Əliyev sivil dünyanın ən tanınmış siyasətçilərindən biri olduğunu, mahir strateq, uzaqgörən siyasətçi kimi beynəlxalq aləmdə baş verən siyasi hadisələrdən xalqının mənafeyi naminə bacarıqla istifadə etdiyini bir daha təsdiq etmiş oldu. Bütün bunlar isə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha möhtəşəm qələbələrə imza atacağını, ölkəmizin yeni zirvələr fəth edəcəyini, gələcəkdə digər arzularımızın da reallaşacağını göstərir.
Əziz MUSTAFA