Prezident İlham Əliyevin Vaşınqton səfəri Azərbaycanın beynəlxalq aləmdəki növbəti parlaq qələbəsinə çevrilib

Prezident İlham Əliyevin Vaşınqton səfəri Azərbaycanın beynəlxalq aləmdəki növbəti parlaq qələbəsinə çevrilib

Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyevin istər daxili, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi uğurlu xarici siyasət hər il ölkəmizə yeni-yeni uğurlar gətirməkdə davam edir. Bu baxımdan avqustun 8-də İlham Əliyevin ABŞ-a uğurlu səfəri Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Xüsusi ilə bu səfər zamanı həm Bakı ilə Vaşinqton arasında hərtərəfli əlaqələrin yeni siyasi şəraitdə inkişaf etdirilməsi, həm Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin müzakirə edilməsi, həm də istər beynəlxalq, istərsə də regional sabitlik və qlobal təhlükəsizlik baxımından də böyük önəm daşıyırdı. Digər tərəfdən də ABŞ prezidenti Donald Trampın rəsmi dəvəti ilə baş tutan bu səfər region ölkələri və beynəlxalq aləm üçün sülhün əldə edilməsi baxımından tarixi bir görüş idi.

Azərbaycanın maraqları baxımından məsələyə yanaşanda Baydenin prezidentliyi dövründə qarşı tərəfin təqsiri səbəbindən pisləşən Azərbaycan-ABŞ münasibətləri Trampın Ağ Evi idarə etməyə başlamasından sonra yeni strateji inkişaf yoluna qədəm qoydu. Azərbaycan prezidenti İlham Əliyev hələ 2024-cü ilin noyabr ayının 25-də keçirilən prezident seçkilərindən 3 ay əvvəl Şuşada baş tutan III Qlobal Media Forumunda jurnalistlərdən birinin sualına verdiyi cavabında Baydenin məğlub olacağını və Trampın hakimiyyətə gələcəyini uzaqgörənliklə bəyan etmişdi.

Ötən ay Xankəndidə baş tutan III Şuşa Qlobal Media Forumunda da Azərbaycanın dövlət başçısı Bakı-Vaşinqton münasibətlərinin strateji əhəmiyyət daşıdığını və Trampın beynəlxalq aləmdə oynadığı rolu yüksək qiymətləndirmişdi. Öz növbəsində Tramp İlham Əliyevin dediklərini məmnunluqla qarşılayaraq onu özünün “Truth Social” sosial media platforması səhifəsində paylaşmışdı. Bu da iki ölkə münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğunun Tramp tərəfindən təsdiq edilməsi demək anlamına gəlirdi. Bütün bunlar da göstərirdi ki, Trampın prezidentliyi dövründə Ağ Evin bölgə siyasətində Azərbaycanın rolu bütün sahələr üzrə ön plana çıxarılıb.

Azərbaycanın ABŞ-ın strateji müttəfiqinə çevrildiyini iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanması da bir daha təsdiq etdi. Memoranduma əsasən iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirilməsi üçün yaxın 6 ay ərzində Strateji İşçi Qrupu yaradılacaq. Qrupun əsas məqsədi Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması olacaq. Bundan əlavə qrup çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu da ikili əməkdaşlığa verilən daha bir töhfə olacaq.

İki ölkə münasibətlərinin inkişaf etdirilməsində ölkəmiz üçün önəmli olan mühüm bir digər məsələ isə bu çərçivədə də ABŞ texnologiyasının və sərmayəsinuin ölkəmizə gəlməsi və nəticədə bunun iqtisadi inkişafımızda daha da önəmli rol oynayacağıdır.

İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində əldə edilən digər bir uğurlu nəticə isə ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na “907”-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması oldu. Bu düzəlişin ləğv edilməsi Azərbaycan üçün olduqca önəmlidir və prezident İlham Əliyevin apardığı uğurlu siyasətin parlaq nümayişi deməkdir.

İki ölkə arasında iqtisadi inkişafa yeni bir təkan verən məsələ isə Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında Əməkdaşlıq Memorandumunun imzalanması hesab edilir. Bu sənədə əsasən iki ölkə arasında enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə, həm neft-qaz sahəsində, həm də digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi önəmli rollardan birini oynayacaq. Beləliklə İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində iki ölkə arasında imzalanan sənədlər yaxın gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişaf etdiriləcəyini bir daha təsdiq edərək ölkəmizin beynəlxalq aləmdə qazandığı növbəti bir uğur oldu.

Əziz MUSTAFA