Çin-Azərbaycan əməkdaşlığı strateji müttəfiqlik səviyyəsində inkişaf etdirilir

Çin-Azərbaycan əməkdaşlığı strateji müttəfiqlik səviyyəsində inkişaf etdirilir

Bəyəndim (0) Bəyənmədim (0)

Son illərdə Prezident İlham Əliyevin beynəlxalq aləmdə həyata keçirdiyi uğurlu siyasət ölkəmizə yeni strateji müttəfiqlər qazandıraraq Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Bunu avqustun 30-da Prezident İlham Əliyevin Şanxay Əməkdaşlığı Təşkilatının növbəti toplantısında və II dünya müharibəsində qələbənin 80 illiyinə həsr edilən paradda iştirak etmək üçün Çinin rəhbəri Si Cinpin tərəfindən bu ölkəyə dəvət edilməsi də bir daha sübut edir. Pekində olduqca yüksək səviyyədə qarşılanan Prezident İlham Əliyevin Si Cinpinlə görüşü də olduqca yüksək səviyyədə keçib. Si Cinpin İlham Əliyevi "mənim əziz dostum" adlandıraraq ona xüsusi rəğbəti və hörməti olduğunu bir daha nümayiş etdirib. O deyib ki, iki ölkə arasında müxtəlif sahələr, o cümlədən energetika, bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlıq genişlənib. Si Cinpin bu baxımdan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini xüsusi vurğulayıb. O, Trans-Xəzər marşrutu ilə Azərbaycan ərazisindən Çin mallarının daşınmasının iki ölkə münasibətlərinin daha da inkişaf etdirilməsində önəmli faktora çevrildiyini qeyd edib. Çinin dövlət başçısı bu müstəvidə də iki ölkə arasında əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayıb. Təbii ki, Si Cinpinin bu sözləri Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi ən böyük dəyərlərdən biridir.

Həqiqətən də Prezident İlham Əliyevin Çində yüksək səviyyədə qarşılanması iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinədə inkişaf etdirildiyini bir daha təsdiq etməkdədir.

Öz növbəsində Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib. O, Azərbaycanın Çin üçün önəmli hesab edilən ərazi bütövlüyü , o cümlədən Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində dost ölkəyə dəstək verdiyini söyləyib. Bundan əlavə İlham Əliyev Çinə səfərini xatırladaraq Si Çinpinlə apardığı danışıqların ölkələrimiz arasında əməkdaşlığa təkan verdiyini və bu müstəvidə də strateji tərəfdaşlığa dair imzalanmış sənədin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

İlham Əliyev həmçinin “Bir kəmər, bir yol” layihəsinə toxunaraq Orta dəhliz vasitəsi ilə Çin yüklərinin daşınmasının da ikili münasibətlərdə müsbət rol oynadığını söyləyib. O, Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirdi.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli mətbuata açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Çinə səfəri zamanı yüksək səviyyədə qarşılanması üçün tərtib edilən yüksək səviyyəli protokol, əlahiddə diqqət və jestlər Çinin Azərbaycan rəhbərinə xüsusi önəm verdiyini göstərdi.

Onun sözlərinə görə, bütün bunlar iki ölkə münasibətlərinin dostluq müstəvisindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir:

"Belə yüksəksəviyyəli münasibətlər həm Çin, həm də Azərbaycan üçün faydalar gətirir. Azərbaycanın enerji keçidinə, Çinin isə enerji təhlükəsizliyinə xidmət edir. Zəngəzur dəhlizi də daxil olmaqla, Cənubi Qafqazda yeni kommunikasiya xətlərinin açılmasını sürətləndirir".

Beləliklə Prezident İlham Əliyevin Çinə səfəri bir daha göstərdi ki, Azərbaycan–Çin münasibətləri yeni inkişaf dostluq, qardaşlıq və strateji müttəfiqlik səviyyəsində inkişaf etdirilir. Bu da Azərbaycanın regional təhlükəsizlik və iqtisadi inteqrasiyada rolunu möhkəmləndirir ölkələrimiz üçün böyük siyasi əhəmiyyət daşıyır.

Əziz Mustafa