
Avropa Üçüncü Dünya müharibəsinə sürüklənir
Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi tədricən yeni dünya müharibəsi mərhələsinə qədəm qoymaqdadır. Hadisələrin gedişi göstərir ki, diktator Vladimir Putin faktiki olaraq faşist Adolf Hitlerin II Dünya müharibəsinə gətirib çıxaran hərəkətlərini təkrarlayır və Avropa qarşısında nasistlərə məxsus olan qaniçən simasını nümayiş etdirir və qeyri-insani qəddarlıqda hətta Fürerin atasına belə rəhmət oxutdurur. Bunu faşist Vladimir Putinin Polşa və Rumıniyanın hava sərhədlərini dronlarla pozaraq Hitlersayağı güc nümayiş etdirməsi də bir daha sübut etməkdədir. Belə ki, sentyabrın 10-da Rusiya dronları Polşa səmasına daxil olaraq bir-sıra obyektləri hədəfə alıb. Polşa rus dronlarının əksəriyyətini zərərsizləşdirə bilib. Bu hadisə bütün Avropada geniş əks-səda verərək Qərb ölkələrində yeni çaxnaşmalara səbəb olub. Lakin Rusiya bununla kifayətlənməyib və sentyabrın 13-də Rusiyaya məxsus pilotsuz uçuş aparatları bə dəfə həyasızcasına Rumıniya sərhədlərini pozaraq adı çəkilən ölkənin hava məkanına 10 kilometr dərinliyə daxil olub və təxminən 1 saat ərzində orada qalıblar. Bununla da faktiki olaraq faşist Putin Rusiyası NATO ölkələrini açıq şəkildə təxribata çəkərək Avropada gərginliyi pik həddinə çatdırıb.
Rusiyanın Avropanı müharibə təhlükəsi ilə təhdid etməsi digər bir müstəvidə də davam edib. Belə ki, sentyabrın 12-də Belarusun ərazisində Rusiya və Belarus "Qərb-2025" adlı birgə hərbi təlimlərə başlayıblar. Əsas manevrlər Belarus ərazisi ilə II Dünya müharibəsi zamanı SSRİ tərəfindən işğal edilən və hazırda Kalininqrad adı ilə tanınan Şərqi Prussiyada da keçirilir. Hərbi təlimlərdə 18 200 nəfər, o cümlədən 5 500 rus əsgəri, onlarla tank, çoxsaylı hava hücumundan müdafiə vasitələri, pilotsuz uçuş aparatları iştirak edir. Hərbi təlimlərdə Vladimir Putin və Aleksandr Lukaşenko Qərbə qarşı birgə müharibənin üç yeni strategiyasını sınaqdan keçirirlər. Məsələ ilə bağlı Almaniyanın “Bild” nəşrinin analitiki Yulian Röpkenin bildirdiyinə görə, hərbi təlimlərdə ruslar və belaruslar Suvalki dəhlizinin ələ keçirilməsi əməliyyatını məşq edirlər. Hərbi təlimlərdə nüvə silahından istifadənin imitasiyası, orta mənzilli "Oreşnik" raketlərinin düşmən hədəflərinə zərbələr endirilməsinin sınaqdan çıxarılması da daxildir. Yulian Röpke belə hesab edir ki, Rusiya bununla da Qərbə qarşı eyni zamanda psixoloji təsir göstərərək onları qorxutmaq və daim təşviş altında saxlamaq məqsədi güdür
Təlimlərin mərkəzi elementi nüvə silahından istifadə imitasiyasıdır. Buraya Qərbə qarşı yeni orta mənzilli "Oreşnik" raketlərinin tətbiqi də daxildir. Bu hissə sırf psixoloji məqsəd daşıyır və Belarusun qonşularını qorxutmaq üçün nəzərdə tutulub. Hərbi təlimlər zamanı həmçinin yeni ərazilərin həyata keçirilməsinə xidmət edən müdafiə döyüşü, müdafiəni yarıb keçmiş düşmənin məhv edilməsi və dövlətin ərazi bütövlüyünün bərpası üçün şəraitin yaradılması sınaqdan keçirilir. Röpkenin fikrincə, Rusiya bununla da Kalininqradı öz ərazisi ilə birləşdirən və Litvaya məxsus olan Suvalku dəhlizini ələ keçirməyi hədəfləyir.
Təbii ki, NATO-da Rusiyanın müharibə təhdidlərinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirməkdədir. Belə ki, NATO ötən gün Litvada 40 minlik hərbi təlimlərə başlayıb. Hərbi təlimlərdə hücuma məruz qalan NATO ölkəsinə Avropadan, o cümlədən Almaniyadan canlı qüvvə və hərbi texnikanın göndərilməsi, hava hücumundan müdafiə taktikası, düşmən hücumunun havadan, qurudan və dənizdən qarşısının alınması və ona qarşılıqlı zərbələr endirməsi sınaqdan çıxarılır. Bütün bunlar isə Rusiya ilə NATO-nun faktiki olaraq müharibə vəziyyətində olduğunu göstərir.
Qərblə Rusiya arasında Putinin işğalçılıq siyasəti nəticəsində təhlükəli vəziyyətin əmələ gəldiyini və baş verən hadisələrin II Dünya müharibəsi ərəfəsindəki hadisələri xatırlatdığını Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın həyacandolu açıqlaması da bir daha təsdiq edir. Kallas məsələ ilə bağlı Redaktionsnetzwerk Deutschland-a müsahibəsində deyib ki, Avropadakı indiki vəziyyət 1938-ci ildə Çexoslovakiya ilə Almaniya arasında olan vəziyyəti xatırladır:
"Bizim vəziyyətimiz 1938-ci ili xatırladır. Sonra Çexoslovakiya faşist Almaniyasına qarşı kömək istədi, onu almadı və bu ölkə nasistlərin əlinə keçdi. Bu günün fərqi ondadır ki, Ukrayna yıxılarsa, bütün Avropanın təhlükəsizliyi risk altında olacaq. Biz göstərməliyik ki, tarixdən dərs almışıq".
O xəbərdarlıq edib ki, Ukrayna müharibədə məğlub olsa bütün Avropanın təhlükəsizliyi risk altına düşəcək və Rusiya addım-addım Pribaltika ölkələrini, Polşanı və digər əraziləri ələ keçirəcək. Kallas bir daha bəyan edib ki, Rusiyaya inanmaq olmaz və Moskva ilə ərazi güzəştləri barədə danışıqlar Qərb üçün Putin tərəfindən qurulan tələdir.
Beləliklə Kallasın da açıqlaması bir daha Qərblə NATO arasında gərginliyin III Dünya müharibəsi həddinə çatdığını təsdiq edir. Bu gərginliyin yeni dünya müharibəsinə çevrilməsinin qarşısını ala bilməsi NATO ölkələrinin Ukraynaya daha qətiyyətli hərbi yardım göstərməsindən və faşist Almaniyası ilə biabırcasına imzalanan "Münhen sövdələşməsi"ni yenidən təkrar etməyəcəklərindən asılı olacağı isə şübhə doğurmur.
Əziz MUSTAFA