
Azərbaycan-Qazaxıstan münasibətləri türk dövlətlərinin iqtisadi, siyasi və hərbi inteqrasiyasında önəmli faktora çevrilir
Son illər Azərbaycan prezidenti İlham Əliyevin Türk dövlətləri arasında hərtərəfli inteqrasiyaya yönələn fəaliyyəti nəinki bölgədə, həm də beynəlxalq aləmdə önəmli hadisələrdən birinə çevrilib. Məhz prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan türk dövlətlərinin inteqrasiyasında xüsusi rol oynayan birləşdirici mərkəzə çevrilməkdədir. Biz bunu İlham Əliyevin Qazaxıstana səfəri və orada apardığı danışıqlarda aydın şəkildə bir daha görürük. Hələ Qazaxıstana səfəri ərəfəsində İlham Əliyev “Kazinform”a eksklüziv müsahibəsində demişdi ki, Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir.
Prezident İlham Əliyev həmin müsahibəsində deyib: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”.
Yeri gəlmişkən qeyd edək ki, iki ölkə arasında hərtərəfli əməkdaşlığın gücləndirilməsində yüksək səviyyəli dövlət rəsmilərinin qarşılılqlı səfərləri də olduqca böyük siyasi, iqtisadi və strateji önəm daşıyır. Bunu tərəflər arasında qarşılıqlı səfərlərin mütəmadi olaraq davam etməsi də bir daha təsdiq edir. Belə ki, son üç ildə Azərbaycan Prezidenti Qazaxıstana yeddi dəfə, Tokayev isə Azərbaycana altı dəfə səfər edib. Bunu isə iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdirildiyini bir daha sübutu hesab etmək olar.
Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji əməkdaşlıq səviyyəsində inkişaf etdirilməsi istiqamətində Tərəfdaşlıq və Müttəfiqlik Münasibətləri haqqında Müqavilə və 170-dən çox sənəd imzlanıb. Bu da iki ölkə arasında strateji əməkdaşlığa imkan verən hüquqi bazanın formalaşdırılmasına imkan verib.
Təbii ki, iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin formalaşdırılmasında iqtisadi inteqrasiyanın ən yüksək səviyyəyə çatdırılması önəmli rol oynamaqdadır. Belə ki, iki qardaş ölkənin əlverişli coğrafi mövqedə yerləşməsi onlara iqtisadi sahədə bundan uğurla və səmərəli şəkildə istifadə etməyə imkan verir. Bu müstəvidə də Orta dəhlizin inkişaf etdirilməsi Qazaxıstan və Azərbaycanı Asiya ilə Avropa arasında mühüm körpüyə çevirməkdədir.
Yeri gəlmişkən deyək ki, iki ölkə arasında ticarət dövriyyəsi də sürətlə artmaqda davam edir. Əgər ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 470 milyon dollar idisə, bu ilin ilk 8 ayı ərzində bu rəqəm 547 milyon dollar çatıb. Buna paralel olaraq Qazaxıstan Azərbaycanın taxıla olan ehtiyaclarının təmin edilməsində də önəmli rol oynayır. Belə ki, Azərbaycan ötən müddət ərzində Qazaxıstandan 450 min tondan çox taxıl idxal edib.
Təbi ki, nəqliyyat daşımalarının həcminin artması da qardaş ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir. 2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Bu isə olduqca böyük rəqəmdir. Buna paralel olaraq yük daşımalarının çatdırılma müddəti də azalaraq 38 gündən 19 günə düşüb.
Qazaxıstan öz neftini Azərbaycan ərazisilə nəqlini də ildən-ilə artırmaqdadır. Qazaxıstan günümüzdə BTC (Bakı–Tbilisi–Ceyhan) boru kəməri vasitəsilə ildə 1,5 milyon ton neft ixrac edir. 2027-ci ilə qədər isə bu rəqəmin 7 milyon tona çatdırmağı nəzərdə tutur.
Nəhayət iki ölkə arasında dostluq və qardaşlığın inkişaf etdirilməsinin digər bir parlaq nümunəsi Qazaxıstan tərəfindən işğaldan azad edilən Füzulidə inşa edilərək istifadəyə verilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzidir. Mərkəzdə təhsil alan 100-dən çox çagird iki ölkə arasında dostluq və qardaşlıq simvoluna çevrilib.
Azərbaycan və Qazaxıstan həm də beynəlxalq təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, CICA və digər platformalarda çərçivəsində ortaq mövqedən çıxış edərək biri-birlərini dəstəkləyirlər.
Beləliklə hadisələrin gedişi göstərir ki, eyni soykökə, ortaq mədəniyyətə, dilə, tarixə və mədəni əlaqələrə malik olan Qazaxlstan və Azərbaycan arasında münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək, dostluq və qardaşlığımız əbədi və sarsılmaz olacaq.
Əziz MUSTAFA