"Qarabağ" gərgin mübarizədə "Nyukasl Yunayted"ə uduzaraq Çempionlar liqasında mübarizəni dayandırıb

"Qarabağ" gərgin mübarizədə "Nyukasl Yunayted"ə uduzaraq Çempionlar liqasında mübarizəni dayandırıb

Bəyəndim (1) Bəyənmədim (0)

"Qarabağ" pley-off mərhələsində gərgin mübarizədə "Nyukasl Yunayted"ə uduzaraq Çempionlar liqasında mübarizəni dayandırıb.

Dünya futbolsevərlərinin gözəl və məzmunlu oyunları ilə sevindirən və diqqəti özünə cəlb edən Ağdamın "Qarabağ" komandası rəqib meydanında "Nyukasl Yunayted"lə qarşılaşıb. Azərbaycanda 6-1 hesablı məğlubiyyətdən sonra növbəti mərhələyə çıxma imkanlarını itirməsinə baxmayaraq "Qarabağ" ev sahibi komanda ilə "St. James' Park"da bu dəfə daha güclü mübarizə apardı.

Oyun "sağsağanlar" üçün əla başladı. Dördüncü dəqiqədə Sandro Tonali hesabı açdı. Bu qol italyalının yarışda debütü oldu. Bir neçə dəqiqə sonra Joelinton möhtəşəm qolla hesabı ikiqat artırdı.

Lakin "Qarabağ" bu dəfə rəqibinə layiqli müqavimət göstərdi. İkinci hissənin əvvəlində Kamilo Duran müdafiəçi ilə mübarizədə onu məharətlə aldadaraq əla zərbə ilə topu tora göndərdi və 4000 kilometr yol qət edən azarkeşləri sevindirdi. Lakin Sven Botman az sonra başla topu qapımızdan keçirərək hesab arasındakı fərqi yenidən iki topa çatdırdı. Bununla belə qonaqlar ruhdan düşmədilər. Meydan sahiblərinin oyunçusu Birnin cərimə meydançasında əllə oynadı. Hakimin təyin etdiyi penaltini Yankoviç yerinə yetirməli oldu. Onun zərbəsini qapıçı qaytarsa da topa özünü yetirən Çəfərquliyev onu tora göndərərək hesab arasındakı fərqi yenidən azaltdı. Bundan sonra da "Qarabağ" meydanda hücumlarını davam etdirsə də hesab arasındakı fərqi dəyişdirə bilmədi. Beləliklə bu dəfə rəqibinə 2:3 hesabı ilə məğlub olan "Qarabağ" Çempionlar liqasında mübarizəni dayandırdı. Uduzmasına baxmayaraq "Qarabağ" gözəl oyun nümaiş etdirərək meydanı qalib kimi tərk edib.

Növbəti mərhələyə vəsiqəni özünə təmin edən "Nyukasl Yunayted" Çelsi və ya Barselona ilə qarşılaşacaq.

Oyundan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov oyunçularımızdan razı qaldığını bildirib. O deyib ki, futbolçularıma təşəkkür etmək istəyirəm, onlar Çempionlar Liqasında maraqlı futbol mövsümü keçirdilər: "Oyunçularımın hər birindən çox razıyam. "Nyukasl"la cavab matçında da özlərini çox yaxşı tərəfdən göstərdilər”.

Əgər komandamızın pley-off matçında rəqibi digər ölkə komandası olsaydı şübhəsiz ki, "Qarabağ" belə gözəl oyunla növbəti mərhələyə adlaya biləcəkdi.

Beləliklə "Qarabağ" Çempionlar liqasında özünün gözəl oyunları ilə yüz minlərlə azarkeşini sevindirdi və yeni mövsümdə ona daha böyük uğurlar arzulayırıq.

"Nyukasl" (İngiltərə) – "Qarabağ" (Azərbaycan) - 3:2

Qollar: Tonali, 4, Joelinton, 6, Botman, 52 - Duran, 51, Cəfərquliyev, 57
İlk oyun 6:1

Digər oyunlarda isə bu nəticələr qeydə alınıb:

"Atletiko" (Madrid, İspaniya) – "Brügge" (Belçika) - 4:1

Qollar: Sorlot, 23, 76, 87, Kardoso, 48 - Ordonez, 36
İlk oyun 3:3

"Bayer" (Almaniya)– "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk oyun 2:0

"İnter" (İtaliya) – "Bodo-Qlimt" (Norveç) - 1:2

Qollar: Bastoni, 76 - Hoq, 58, Evjen, 72
İlk oyun 1:3

Əziz MUSTAFA