Dünya Çempionatında Azərbaycan Karate Federasiyası Aşihara Karate Üslubu Üzrə Milli Komandamızdan Qürurverici Nəticə
Azərbaycan Karate Federasiyasının Aşihara karate üslubu üzrə milli komandası 1–5 aprel 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Aşihara Beynəlxalq Karate Təşkilatının (AİKO) Dünya Çempionatında uğurla çıxış etmişdir.
Milli komandamız beynəlxalq arenada ölkəmizi növbəti dəfə layiqincə təmsil edərək yüksək nəticələr əldə etmişdir. Belə ki, sözügedən çempionatda dünyanın 18 ölkəsindən 900-dən çox idmançı mübarizə aparmış, komandamız isə böyük əzmkarlıq və peşəkarlıq nümayiş etdirmişdir.
18 nəfərlik heyətlə yarışa qatılan milli komandamız vətənə ümumilikdə 11 medalla qayıtmışdır. İdmançılarımız həm kata, həm də döyüş proqramlarında yüksək ustalıq göstərərək fəxri kürsünün müxtəlif pillələrinə yüksəlmişlər.

Çempionat çərçivəsində keçirilən və peşəkar üslub kimi tanınan “full kontakt” döyüşlərində təmsilçilərimiz xüsusilə fərqlənmiş, bu kateqoriyada tətbiq olunan mütləq qalibiyyət prinsipi əsasında rəqibləri üzərində inamlı və həlledici qələbələr qazanaraq kəmərlərə layiq görülmüşlər.
Yekun nəticələrə əsasən, Azərbaycan milli komandası 8 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumi komanda hesabında dünya ölkələri arasında 3-cü yerə layiq görülmüşdür.
Komandamızın üzvü İbrahim Xəlilov yüksək texniki hazırlığına və peşəkar döyüş bacarığına görə “Dünya Çempionatının ən texnikalı döyüşçüsü” adına layiq görülmüş və 2-ci dəfə Dünya Çempionu adına sahib olmuşdur.
Böyüklər arasında Kənan Quliyev və Ülfət Vəliyev fərqlənərək qızıl medal qazanmışlar.
Xüsusilə qeyd olunmalıdır ki, 12–13 yaş qrupunda, 40 kq çəki dərəcəsində çıxış edən Orxan Şahməmmədov milli komandamıza ilk qızıl medalı qazandırmışdır. Mehdi Xəlilov isə həm Dünya Çempionu adına layiq görülüb, həm də kata üzrə yarışlarda 1-ci yerə yiyələnmişdir.

Çempionatın ən yaddaqalan idmançılarından biri Ələkbər Mirzəyev olmuşdur. O, həm Aşihara karate, həm də “full kontakt” döyüşlərində birinci yerə yüksələrək qızıl medal və kəmər qazanmışdır.
Yarışın yüksək səviyyədə təşkilində çempionatın baş katibi Məmmədli Fəxri Zaur oğlunun əməyi xüsusi qeyd olunmalıdır. O, tədbirin ümumi təşkili və koordinasiyasında mühüm rol oynamış, hakimlərin fəaliyyətinə nəzarət etmiş və yarışın problemsiz keçirilməsini təmin etmişdir. Bununla yanaşı, o, çempionat çərçivəsində A kateqoriyalı hakimlik dərəcəsi əldə etmişdir.
Çempionat zamanı aşağıda adı çəkilən idmançılarımız AİKO prezidenti Hanshi Dave Jonkers tərəfindən müxtəlif dan qara kəmərlərlə təltif olunmuşlar:
Xəlilov Elnur - 4-cü dan qara kəmər (Aşihara Karate Üzrə Millinin Baş Məşqçisi)
Qafarov Natiq - 2-ci dan qara kəmər ("Saray" İdman Klubunun Məşqçisi)
Quliyev Kənan - 2-ci dan qara kəmər ("Sulu-Təpə" Klubunun Məşqçisi)
Məmmədli Fəxri - 1-ci dan qara kəmər (Dünya Çempionatın Baş katibi)
Əlavə olaraq qeyd edək ki, qazanılan uğurlarda Aşihara Karate Üslubunun rəhbəri Şahin Bağırovun və Aşihara Karate Üzrə Millinin Baş Məşqçisi Elnur Xəlilovun əməyi olduqca böyükdür.
Gərgin rəqabət şəraitində keçən bu Dünya Çempionatında əldə olunan uğurlar Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunu bir daha təsdiqləmişdir.
Murad Şahməmmədov






























































































