Meksikada Teotiuakan piramidaları yaxınlığında ölümlə nəticələnən atışma olub
Meksika vətəndaşı Teotiuakan arxeoloji zonasında, Mexikodan 50 kilometr aralıda yerləşən piramidalar yaxınlığında atəş açıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi və yerli "Milenio" nəşri polisin açıqlamasına istinadən məlumat yayıb.
Atışma aprelin 20-də yerli vaxtla təxminən saat 11:00-da (Bakı vaxtı ilə 21:00-da) Ay Piramidasının yaxınlığında baş verib. Bu, Teotiuakandakı Günəş Piramidasından sonra ikinci ən böyük tikilidir.
Şahidlərin sözlərinə görə, ziyarətçilərdən biri piramidanın yuxarı mərtəbəsinə qalxaraq, nəsə qışqıraraq xaotik atəş açıb. Şahidlər bildirirlər ki, onun əlində silahla yanaşı, planşet də olub.
Hadisədən sonra kişi intihar edib. O, Mexikoda yaşayan 27 yaşlı Xulio Sesar Xasso Ramires kimi tanınıb. Atışma törədən şəxsin cəsədinin yanında, onun "Kolumbayn" məktəbinə hücum edən Erik Harris və Dilan Kalibold ilə birlikdə təsvir olunduğu süni intellektlə yaradılmış şəkil olan foto çərçivəsi tapılıb.
Atışma nəticəsində Kanada vətəndaşı həlak olub. Daha 13 əcnəbi, o cümlədən bir uşaq yaralanıb. Yaralananlar arasında altı ABŞ, üç Kolumbiya, iki Braziliya, bir Kanada və bir Rusiya vətəndaşı var.
Teotiuakan-İspaniyadan əvvəlki dövrə aid qədim şəhər-dövlətdir. Hazırda onun ərazisində turistlərin ziyarət edə biləcəyi arxeoloji zona yerləşir. Bu, Meksikanın ən populyar turizm yerlərindən biridir. “Reuters”-in məlumatına görə, 2025-ci ildə buranı 1,8 milyon insan ziyarət edib.
Almaz Həsənli






























































































