
“Sabah” Avropa Liqasının startında Sloveniya “Çelye”sinə uduzub
UEFA Avropa Liqasının 2025/2026-cı il mövsümünün I təsnifat mərhələsinin “Sabah”la Sloveniyanın “Çelye” komandası arasında keçirilən oyunu başa çatıb. Komandalar “Bank Respublika Arena” (Masazır) stadionunda çıxış ediblər. Baş hakim Daniyar Saxidir (Qazaxıstan).
Qarşılaşma 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Üçüncü dəqiqədə hücumçu Pavol Şafranko “Sabah”ı hesabda irəli çıxarıb. Yeddinci dəqiqədə qonaqların hücumçusu Franko Kovaçeviç hesabda bərabərliyi bərpa edib. 18-ci dəqiqədə Şafranko penalti zərbəsi ilə dubl edib və komandasını yenidən hesabda irəli çıxarıb. 48-ci dəqiqədə “Çelye”nin hücumçusu Kovaçeviç ikinci qolunu vurub. 90+3-cü dəqiqədə əvəzedicidən meydana çıxan yarımmüdafiəçi Darko Hrka Sloveniya klubuna qələbə qazandırıb.
Qeyd edək ki, “Celye” ötən mövsüm Konfrans Liqasında 1/4 finalçısı olub.
Komandalar arasında cavab oyunu “Zdejele” stadionunda (Sloveniya, Çelye) keçiriləcək. Oyun iyulun 17-nə, cümə axşamına planlaşdırılıb. İki oyunlu qarşıdurmanın qalibi Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.
Almaz Həsənli