Gövdədəki dəliklər Azərbaycan təyyarəsinin ruslar tərəfindən vurulduğunu göstərir - The Times

Gövdədəki dəliklər Azərbaycan təyyarəsinin ruslar tərəfindən vurulduğunu göstərir - The Times

26 Dekabr 13:20
Bəyəndim (1) Bəyənmədim (0)

“Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin gövdəsinin görüntülərində qəlpə və ya güllə deşikləri kimi görünən dəliklər müşahidə edilir ki, bu da quşlarla toqquşması ilə bağlı ilkin rəsmi izahatları şübhə altına alır. Bir mütəxəssis deyir ki, quşların zərbələri adətən təcili enişlə nəticələnir, lakin təyyarə yüzlərlə kilometr aralıda qəzaya uğrayıb. Bu barədə Britaniyanın “The Times” qəzeti yazır.
Azərbaycan prezidenti Əliyev qəzanın səbəbləri ilə bağlı fikir bildirmək üçün hələ tez olduğunu deyib, lakin əvvəllər pis hava şəraitinin kursu dəyişməyə məcbur etdiyini irəli sürüb.
Bununla belə, Rusiyanın müstəqil hərbi analitikləri belə qənaətə gəliblər ki, dəliklər “Pantsır-C1” zenit-raket zərbəsinin nəticəsi ola bilərdi.
“AeroDynamic Advisory” analitiki Riçard Abulafia bildirib ki, quşların zərbələri adətən təyyarənin yaxınlıqdakı sahəyə enməsi ilə nəticələnir. Almaniyanın “Bild” qəzetinin sitat gətirdiyi başqa bir aviasiya mütəxəssisi bildirib: “Bu, qəza nəticəsində olan zədələnməyə bənzəmir. Bu, həqiqətən də kənardan təsir kimi hiss olunur”.
Tədqiqatçı Oliver Aleksander təyyarənin şaquli stabilizatorunun bir tərəfindəki deşiklərin girişlərini, digər tərəfində isə deşiklərin çıxışlarını qeyd edib.
"Onlara quş və ya qəza nəticəsində əmələ gələn qırıntılar səbəb olsaydı, mən dəliklərin ətrafında daha çox çuxurlar gözləyərdim... Görünür, hər bir fraqment gövdəyə girmək üçün kifayət qədər kinetik enerjiyə malikdir,"-o deyib.
Qeyd edək ki, hazırda baş verənlərlə bağlı çoxlu versiyalar var, lakin yekun qənaətləri təyyarə qəzasını araşdıran komissiya təqdim edəcək.

Almaz Həsənli