Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimi keçirilib
Fevralın 2-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimi keçirilib. Tədbirdən öncə gənclər Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə ünvanladığı müraciəti səsləndirib.
Tədbir çərçivəsində ölkəmizdə həyata keçirilən gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra tədbirdə dövlətimizin başçısının yanvarın 30-da imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla Prezident mükafatlarına layiq görülmüş gənclərə mükafatlar təqdim olunub. Mükafatları Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov təqdim ediblər.
Azərbaycan Gənclərinin XI Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev qeyd edib ki, ötən il dövlət məşğulluq xidməti orqanları tərəfindən 125 minə yaxın gənclə iş aparılaraq, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması təmin edilib. Onlardan 72,6 min gəncin işədüzəlməsi təmin olunub. Həmçinin gənclərin əmək bazarına inteqrasiyasında ən önəmli amillərdən biri də peşə hazırlığıdır. Nazirlik tərəfindən həyata keçirilən peşə hazırlığı gənclərin əmək fəaliyyətinə hazırlıq səviyyəsinin yüksəldilməsinə, innovativ düşüncə tərzinin və praktiki vərdişlərin inkişafına, habelə iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslı kadr potensialının formalaşdırılmasına mühüm töhfə verir.
Nazir vurğulayıb ki, bu istiqamətdə 2025-ci il ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına 9,5 min gənc cəlb olunub. Eyni zamanda, işsiz və işaxtaran şəxslərin əmək bazarının cari vəziyyəti, əmək bazarında tələbin yüksək olduğu peşə və ixtisaslar, peşə hazırlığına cəlbolunma imkanları barədə məlumatlandırılması məqsədilə nazirlik tərəfindən peşəyönümlü məsləhət xidmətləri göstərilir.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov gənclər siyasətinin əsasının birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğuna diqqət çəkib: “Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində gənclər siyasəti üzrə möhkəm hüquqi baza formalaşdırılıb, bu sahədə mühüm fərman və sərəncamlar qəbul olunub. Həmin sənədlər gənclərin inkişafına güclü stimul verib və onların cəmiyyətin fəal üzvlərinə çevrilməsində mühüm rol oynayıb. Qeyd etmək lazımdır ki, bu siyasətin təməli qoyularkən ölkəmiz üçün olduqca çətin bir dövr idi. Buna baxmayaraq, gənclərə olan inam və etimad daim qorunub. Bu gün gənclərimizə baxarkən böyük qürur hissi keçirirəm. Sizin malik olduğunuz imkanlar məhz həmin dövrdə yaradılan möhkəm əsasların nəticəsidir”,- deyə nazir müavini vurğulayıb.
Firudin Qurbanov əlavə edib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət gənclər üçün aydın “yol xəritəsi”nə çevrilib. Məhz bu uğurlu siyasətin nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu tarixi prosesdə gənclərimizin göstərdiyi şücaət hər zaman xüsusi vurğulanır və onlara böyük dəyər verilir.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov isə qeyd edib ki, gənclərin dünyagörüşünün formalaşmasında mədəniyyət aparıcı rol oynayır və bu amil gənclər siyasətinin mahiyyətinə də öz təsirini göstərir.
“Yeni dövrün reallıqları, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması yeni bir tarixi mərhələnin başlanğıcını qoyub. Bu mərhələ Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinə söykənən yeni milli ideologiyanın – qalib Azərbaycan ideologiyasının və müasir mədəniyyət siyasətinin daha da dərinləşməsini zəruri edib. Şanlı Zəfərimizlə formalaşan yeni ictimai reallıqlar, mədəniyyət sahəsində uzunmüddətli, inklüziv və gələcəyə yönəlmiş strategiyanın hazırlanmasını obyektiv zərurətə çevirib. Məhz bu məqsədlə Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiq olunub. Konsepsiya Azərbaycanın milli kimliyinə əsaslanan, eyni zamanda, qlobal çağırışlara açıq olan müasir mədəniyyət modelini hədəfləyir. Burada əsas məqsəd mədəniyyəti yalnız qorunan bir dəyər deyil, inkişaf edən, cəmiyyətin bütün sahələrinə təsir göstərən canlı bir sistem kimi formalaşdırmaqdır”,- deyə nazir müavini diqqətə çatdırıb.
Forum sessiya müzakirələrlə davam edib, qeyd olunub ki, fevralın 3-də Xankəndi Konqres Mərkəzində “Şəhərsalma və Memarlıq İli” sessiyası və “Gənclərin potensialı - milli inkişaf naminə” mövzusunda vörkşop olacaq.
Xatırladaq ki, birinci Azərbaycan Gəncləri Forumu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilib. Bununla da Azərbaycan Gəncləri Forumlarının keçirilməsi ənənəsi formalaşıb.
Oxuməni.az




























.jpg)






.jpg)




















































