
Rusiya müharibəni uzadacaq, Putinə sülh lazım deyil, - Zelenski
Rusiya Ukraynada müharibəni hər cür uzadacaq, çünki rus diktatoru Vladimir Putinə sülh lazım deyil. Ukraynada artıq dəqiq bunu göstərən müvafiq kəşfiyyat məlumatları var.
Bunu iyulun 10-da Romada Ukraynanın Bərpası üzrə Konfransdan sonra mətbuatla söhbəti zamanı prezident Vladimir Zelenski deyib.
"Bizim kəşfiyyatımızda, tərəfdaşlarımızın kəşfiyyatında Rusiyanın bu müharibəni davam etdirəcəyi ilə bağlı bütün məlumatlar var. Putin real atəşkəs yaratmaq üçün bütün imkanlardan imtina edir. O, real sülh istəmir", - prezident deyib.
Zelenski əlavə edib ki, bu xəbər fonunda Ukrayna öz müdafiəsini gücləndirməli, Ukraynanın tərəfdaşları isə Kremlə qarşı sanksiyaları gücləndirməlidir. Rusiyanı ancaq güc yolu ilə sülhə məcbur etmək olar.
"Putin müharibədən və qətldən asılıdır və onu ancaq real güclə bu asılılıqdan əl çəkməyə məcbur etmək olar. Ona görə də Ukraynada müdafiəmiz kifayət qədər güclü olmalıdır. Rusiyaya qarşı sanksiyalar isə həqiqətən güclü olmalıdır", - deyə prezident yekunlaşdırıb.
Əziz Mustafa