Məkrli plan: “Paşinyana tapşırıq verilib ki, Qarabağda...”

Məkrli plan: “Paşinyana tapşırıq verilib ki, Qarabağda...”

16 Mart 2022 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycan ordusu tam hazır vəziyyətdədir. Ötən bir il ərzində təlimlər keçirib, yeni hərbi hissələr yaradılıb, Hadrutda komando hərbi birləşmələri qurulub. Azərbaycan Prezidenti də orada regionla bağlı dünyaya öz mesajlarını verib. Daha biz nə etməliyik ki, onlar başa düşsünlər?! Biz gizlətmirik ki, nə Xocalını, nə Xankəndini, nə Ağdərəni, nə də Xocavəndi uzun müddət düşmən nəzarətində saxlaya bilərik. Kim Azərbaycan qanunlarına tabe olacaqsa, orada qalıb yaşayacaq, kim tabe olmayacaqsa, qanun qarşısında cavab verəcək. Yəni ya təslim olacaqlar, ya da istədikləri ölkələrə gedə bilərlər”.

Oxuməni.az Azərbaycan ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Üzeyir Cəfərovun Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Son günlərdə Qarabağda vəziyyətin gərginləşməsi haqda xəbərlər dolaşır. Üstəgəl, Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Kanada Baş naziri Castin Trüdoya zəng edib, bu məsələni müzakirə etməsi və bundan əvvəl Fransaya səfəri də diqqət çəkir. Bununla yanaşı, demək olar, ermənilər hər gün əşkəsi pozurlar. Sizcə, nə baş verir, bizi bu yöndə nə gözləyir?

- Ermənilər hay-küy qaldırmaq əvəzinə, ağıllarını başlarına yığmalıdırlar, Qarabağda qalan qeyri-qanuni birləşmələrini oradan çıxarmalıdırlar. Azərbaycan onların nazı ilə nə qədər oynamalıdır?! 2020-ci ilin noyabrında imzalanmış sənədə əsasən, söz vermiş və üzərlərinə öhdəlik götürmüşdülər ki, həmin silahlı tör-töküntüləri çıxaracaqlar. Amma təəssüf ki, nə orada müvəqqəti yerləşən Rusiya sülhməramlıları, nə də ermənilər bu yöndə addım atdılar. İndi Paşinyanın Amerikanın dövləti katibinə, Fransa prezidentinə və ya Rusiyaya şikayətləri əbəsdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardı, bunları Azərbaycan ordusu yerinə yetirib. ATƏT-in bivec Minsk qrupu ötən 28 il ərzində heç bir iş görmədi, nəticədə Azərbaycan məcburiyyət qarşısında qalıb, düşmənin təxribatlarının qarşısını alaraq bu məsələni həll etdi.

İndi Qarabağdakı gərginlik ondan ibarətdir ki, Rusiya sülhməramlıları şərait yaradırlar ki, orada yenidən qan tökülsün və dövriyyəyə ATƏT-in Minsk qrupu daxil olsun. Ötən günlərdə erməni rəsmilərindən biri ağzından söz qaçırdı ki, Ermənistan Minsk qrupunun dövriyyəyə girməsini istəyir. Azərbaycan Prezidenti ötən il bu məsələ nöqtə qoydu, bildirdi ki, artıq münaqişə həll olunub, ATƏT-in Minsk qrupu ilə bağlı hansısa fəaliyyətə ehtiyac yoxdur, hansısa təklifləri varsa, biz dinləməyə hazırıq. Bundan qeyzlənən ATƏT-in məkrli həmsədrləri, yəni həmin ölkələrin rəsmiləri bu gərginliyi yaradırlar.

Azərbaycan ordusu tam hazır vəziyyətdədir. Ötən bir il ərzində təlimlər keçirib, yeni hərbi hissələr yaradılıb, Hadrutda komando hərbi birləşmələri qurulub. Azərbaycan Prezidenti də orada regionla bağlı dünyaya öz mesajlarını verib. Daha biz nə etməliyik ki, onlar başa düşsünlər. Biz gizlətmirik ki, nə Xocalını, nə Xankəndini, nə Ağdərəni, nə də Xocavəndi uzun müddət düşmən nəzarətində saxlaya bilərik. Kim Azərbaycan qanunlarına tabe olacaqsa, orada qalıb yaşayacaq, kim tabe olmayacaqsa, qanun qarşısında cavab verəcək. Yəni ya təslim olacaqlar, ya da istədikləri ölkələrə gedə bilərlər.

Bu gün Rusiyanın başı “Ukrayna bataqlığı”na qarışıb. Amma bu o demək deyil ki, Rusiya sülhməramlılarının oradakı komandiri Andrey Volkov özbaşınalıqla məşğul olmalıdır. Azərbaycan Müdafiə Nazirliyi ona öz yerini göstərib, pərt edib geri göndəriblər. Bu general da indi orada separatçılarla özünə biznes qurub. Azərbaycan Müdafiə Nazirliyi ona qəti şəkildə xəbərdarlıq edib ki, siz öz vəzifə borcunuzu yerinə yetirməlisiniz. Eyni zamanda, diplomatik kanallarla rəsmi Moskvanın diqqətinə çatdırılıb ki, bu general burada tamam başqa işlərlə məşğuldur.

Bir sözlə, Qarabağda gərginlik süni şəkildə yaradılır. Qarabağla yanaşı, Ermənistan ərazisindən də mövqelərimiz atəşə tutulur. Azərbaycan buna seyirçi mövqe tuta bilməz. Biz lazım olan addımı atmışıq və bundan sonra da atacağıq. Heç kim şübhə etməsin ki, Azərbaycan ordusu düşmənin təxribatlarını cavabsız qoyacaq. Heç bir halda cavabsız qalmır. Lazım olan işlər görülür və Azərbaycan Müdafiə Nazirliyi də bununla bağlı ictimaiyyətə məlumat verir. Biz heç kimdən qorxmuruq, çəkinmirik. Azərbaycan həm hərbi, həm də siyasi baxımdan kifayət qədər səbr göstərdi, amma səbr kasasının da bir həddi var. Biz bəzi işləri həyata keçirməyə məcburuq ki, separatçıların fəaliyyəti o xətləri keçməkdədir.

- Bölgədəki Rusiya sülhməramlılarının sayının azaldılması da müzakirə mövzusudur. Ukraynadan bununla bağlı iki rəsmi açıqlama var. Diqqətçəkən məqamlardan biri də, rus ordusunun fevralın 24-də Ukraynaya hücumundan bəri Qarabağdakı sülhməramlıların fəaliyyəti ilə bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumatların yenilənməməsi ilə bağlıdır. Bu məsələlər haqda nə düşünürsünüz?

- Deyə bilərəm ki, Rusiya çox çaşqın vəziyyətdədir. Baxın, həmin saytda Ukraynadakı müharibə ilə bağlı yenilənmə martın əvvəlində olub. Artıq 20 gündür Ukrayna ərazilərində aktiv döyüş əməliyyatları gedir, onlar hələ də martın 2-də verdikləri gülünc və köhnə məlumatla kifayətlənirlər.

Sülhməramlıların Qarabağdan getməsinə gəldikdə, onlar getməyiblər. Belə bir niyyətləri də yoxdur. Sadəcə olaraq, Ermənistandakı 102-ci bazadan Ukraynaya aparılmış şəxsi heyətin əvəzinə Qarabağdakı sülhməramlıların müəyyən hissəsi ora aparılıb. Aparıblar ki, Gümrüdəki bazanın fəaliyyətini tənzimləsinlər. Yəni düşünmək lazım deyil ki, onlar yır-yığış edib gediblər.

Əgər sülhməramlılar öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmirlərsə, yığışıb gedə bilərlər. Çünki Azərbaycan kifayət qədər o gücə malikdir ki, həm təhlükəsizlik məsələlərini həll edə bilsin, həm də üzərinə düşən missiyanı sona çatdırsın. Biz bu məsələləri sona çatdırırdıq, amma təəssüf ki, Rusiya bunun üçün bizə mane oldu. Bu gün də Ukraynada üzləşdiyi ağır durum da, onun bəzi özündənrazı generallarının yaratdığı yanlış mühit və münasibətdən dolayıdır. Yəni onlar həm ölkə rəhbərliyini aldatdılar, həm də bölgə ilə bağlı təxribatçı fəaliyyətlə məşğul oldular. Nəticəsi də göz qabağındadır.

- Azərbaycan Ermənistana beş maddəlik sülh təklifi verdi. İrəvan isə Bakıya cavabında sülh danışıqları üçün Minsk qrupuna müraciət etdiyini bildirdi. Maraqlıdır, İrəvan bu məsələ ilə bağlı mandatı olmayan Minsk qrupuna niyə müraciət edir?

- İrəvan Fransadan sifariş alıb. Parisə gedən Paşinyan və Fransanın Ermənistandakı səfiri bu işlə məşğuldur. Buna görə, qan tökülməli və vəziyyət gərginləşməlidir. Artıq neçənci dəfədir ki, Fransa Rusiya ilə razılaşdırılmış şəkildə Minsk qrupunun fəaliyyətinin bərpa olunmasına cəhdlər edir. Sülh danışıqları ilə bağlı ATƏT-in Minsk qrupuna nə ehtiyac var? Hər şey, bütün reallıq ortadadır. Buna görə də, bir yerdə oturub qalan məsələləri birdəfəlik həll etmək lazımdır. Amma təəssüf ki, Ermənistan müxtəlif bəhanələrlə bu məsələlərin həllindən yayınır. Bu da bəlli bir zamana qədər olacaq. Azərbaycan öz təkliflərini verib. İndi Ermənistan bunun qarşılığında hansı təklif verə bilər? Ermənistan üzərinə düşənləri etməlidir ki, proses sona çatsın. Yəni bölgədə sülh və əmin-amanlığın təmin olunması üçün bu işlər görülməlidir. Ermənistan isə yenə də müxtəlif bəhanələrlə bundan yayınmağa çalışır.