Ətrafındakılar Putini devirməlidir – “Kadırov sakitcə Putindən uzaqlaşır”
Rusiyanın “NTV” televiziya kanalının yaradıcılarından biri, tanınmış jurnalist, hazırda Kiyevdə mühacirətdə yaşayan Yevgeni Kiselyov Ukraynanın “Obozrevatel.com” internet portalına verdiyi müsahibədə Putin rejiminin deqradasiyaya uğramasından, hakim klanlar arasında gedən daxili çəkişmələrdən və həmçinin, Çeçenistan lideri Ramzan Kadırovun gələcək aqibətindən danışıb.
Oxuməni.az həmin müsahibəni oxuculara təqdim edir:
- “CNN” -də getmiş yazını müzakirə etmək istərdik. Oradakı başlıqda deyilir ki, amerikalıların və avropalıların başlıca problemi Putinə artıq onun məğlub olduğunu anlada bilməmələridir. Sizcə, “füreri”, onun nə Qərblə, nə də Ukrayna ilə qarşıdurmada həqiqətən heç bir prespektivinin olmamasına necə inandırmaq olar?
- Bilirsinizmi, Putinlə hər hansı rasional arqumentlə danışmaq, müharibənin uduzulduğuna inandırmaq və buna görə də ona “qoşunları işağal edilmiş ərazilərdən çıxarmaq lazımdır” demək mənasız bir işdir.
Hər hansı bir binanı tutanı, insanları girov götürəni nəyəsə necə inandırmaq olar? Onunla gərək nədəsə razılaşasan. Danışıq aparan xüsusi psixoloqlar var. Lakin peşəkar psixoloq-kriminalistlər deyə bilərlər ki, özü üçün hansısa xəyallar dünyası qurmuş və möhkəm psixikası olan cinayətkarı inandırmaq olmaz və elə ona görə də başqa metoddan istifadə etmək gərəkdir. Ukraynaya silah yollanılması, siyasi dəstək verilməsi, həmrəylik nümayiş etdirilməsi və sərt sanksiyalar tətbiqi ilə Putinə göstərmək lazımdır ki, müharibə uduzulub. Perspektivdə Rusiya ilə hər hansı ticari-iqtisadi münasibətlər kəsilməli, Rusiya Federasiyasına ixracla bağlı total embarqo qoyulmalıdır. Putini hər hansı danışıqlarla yox, məhz bu cür inandırmaq olar. Elə həmin məqalənin də məğzi danışıqlar barəsində deyil. NATO və xüsusən də Bayden öz yöndəmsiz gözləntilərindən imtina ediblər və indi aktiv militarist fazaya qədəm qoymaqla Putini əmin etmək istəyirlər.
Uzun illər ərzində ABŞ liderləri və Avropanın böyük dövlətləri Putinin tamamilə ayrı bir mühitdə yaşadığını heç cür anlamayıblar. Putin Qərb ölkələri arasındakı münasibətlərdə aksioma olan qaydalar və dəyərlərlə yaşamır. Putin bir neçə dəfə Qərb siyasətçilərinin ”sifətlərini stola çırpdıqdan” sonra onlar bunu anlamağa başlayıblar. O, yalançıdır, hərbi cinayətkardır, prinsipcə onunla danışmaq mümkün deyil. İnsanları girov götürən terrorçu ilə kapitulyasiya barəsində danışıqlar aparılmır. Ona görə də mənim bir dostumun dediyi kimi, məğlubiyyətə uğrayacaqlarına Putini yox, onun ətrafını inandırmaq lazımdır. Qərb Putinin ətrafındakı bütün adamlara, onun yaxın tərəfdarlarına dəqiq və aydın siqnal göndərməlidir və deməlidir ki, əgər siz çox sadə bir şeyi etsəniz, yəni, onu hakimiyyətdən uzaqlaşdırsanız, biz sizə hər şeyi bağışlayarıq. Sizin bunu necə etməyiniz artıq başqa məsələdir.
İndi Putin nəinki Ukraynanın müstəqilliyinə, azadlığına və suverenliyinə, həmçinin də bütün Qərb sivilizasiyasına təhlükədir. Bu təhlükə çox qorxuludur, çünki Putin çox şeyə dəyər vermir. Məsələn, onun üçün insan həyatının dəyəri sıfra bərabərdir.
- Sizin məntiqnizə görə, müharibəni yeganə dayandırmaq üsulu Putinin fiziki baxımdan oratadan götürülüməsdir...
- Qulaq asın, mən bunu demədim. Allah xatirinə, mən belə şeylərə çağırmıram, mən dedim ki, Qərb Putinin yanında dayanan generallara, admirallara, qeyri-formal müşavirlərə, onu indiyədək əhatə edən Piter karyerası dönəmindəki dostlarına aydın siqnal göndərməlidir. Deyilməlidir ki, cənablar, biz sizə hər şeyi bağışlayarıq, biz sizin üzərinizdəki bütün sanksiyaları götürürük, biz sizə müəyyən şərtlər daxilində haradasa Fransanın dəniz sahillərində sakit yaşamağa imkan veririk, əlbəttə, bunu ayrıca müzakirə edərik, amma sizin yalnız bir şansınız var - onu hakimiyyətdən uzaqlaşdırın. Bunu necə edəcəklər, artıq bu, onların öz işdir.
- Belə çıxır ki, Qərb Putinin ətrafına qarşı sanksiya tətbiq etməklə, tamamilə yanlış taktika seçib. Yəni, ABŞ və Avropa Birliyi Putinlə onun ətrafını yaxınlaşdırıb?
- Mənə elə gəlir, yaxşı olar ki, ilk əvvəl sanksiylar qoyulsun ki, adamlar Qərbin zarafat etmədiyini hiss etsinlər. Məsələn, Kadırov Biriləşmiş Ərəb Əmirliklərində yaxşı dincəlib. Bəli, bu əmirlik bir qədər başqa tarixçədir, amma hər halda o, xaricə gedib. Müəyyən mənada Birləşmiş Ərəb Əmirliyi Avropanın pis əvəzləyicisidir, Avropada olanlar mənim bu sözlərimi dəstəkləyər. Mən BƏƏ, Abu-Dabi, Dubay vətəndaşlarının xətrinə dəymək istəmirəm, əlbəttə, bəzi aspektlərdə XXI əsrdir, lakin bunların hamısı isti səhrada, balaca qumluq sahədə teatr dekorasiyalarıdır. Oraya müəyyən mövsümdə, çox da isti olmayanda məmnuniyyətlə getmək olar. İtaliyada, İspaniyada, Fransada və bir çox digər gözəl yerlərdə daha yaxşı yaşamaq olar. Belə yerlər hazırda Putin elitasının böyük bir hissəsi üçün qapalıdır. Ümumiyyətlə, digər başqa şeylər də onlar üçün qapalıdır.
- Son zamanlar Kadırovun öz klan hakimiyyətini möhkəmləndirməsini sezməmək olmaz. Hazırda onun qohumları, qardaşı uşaqları Çeçenistanda rəsmi mövqelər tuturlar. Bu, hansı anlama gəlir? Sizcə, o, baş verə biləcək hansısa gözlənilməz daxili vəziyyətə uyğun olaraq ölkənin qapalı idarəetrmə sistemini qurur?
- Mən sizin diqqətinizi Polşa Baş naziri Moravetskinin çıxışı ilə bağlı Kadırovun bu yaxınlardakı bəyanatına yönəltmək istərdim. Moravetski bildirib ki, Çeçenistan əslində işğal altında olan dövlətdir və onun müstəqilliyini Rusiya Federasiyası ləğv edib. Kadırov Moravetskinin ünvanına qəzəblə bunları söyləyib: ”Sən kimsən ki, bu sözləri deyirsən? Biz müstəqillik uğrunda döyüşəndə, siz bizi dəstəkləmədiniz, biz müharibədə məğlub olduq. Biz onda müstəqillik qazana bilmədik, ona görə ki, Avropa bizi dəstəkləmədi, əksinə, bizə mane oldu və onda biz rus çarının hakimiyyəti altına girməyə qərar verdik”.
Kadırov xatırladıb ki, o, Çeçenistanın müstəqilliyinin tərəfdarı olub və bunun uğrunda döyüşüb. Bu, olduqca vacib mesajdır. Onun bu sözləri Moravetskiyə yox, əslində öz xalqına ünvanlanıb. Axı, Çeçenistanda Kadırov hər şeyi nəzarətdə saxlayır, amma orada başqa klanlar da var və o, onları küncə sıxışdırıb, özünə tabe etdirib. Həmin klanlar yaranmış vəziyyətlə hələlik barışıblar, lakin hər şey bu adamların yadındadır. Şərqdə incikliyi onilliklərlə yadda saxlayırlar. Kadırov başa düşür ki, onun çoxlu potensial rəqibləri var. İndi o, Putinə arxayındır, əgər Putinin mövqeyi laxlayarsa və ya onu devirərlərsə, bu adamların hamısı Kadırova qarşı üsyana qalxa bilərlər. Elə ona görə də o, manevr etməyə başlayıb, Çeçenistanın içindən dəstək axtarır. O, indidən özünün başlıca dostu və müttəfiqi Vladimir Putinin dəstəyindən məhrum ola biləcəyi vəziyyətə hazırlaşır. Diqqət edin, son zamanlar Ukrayna cəbhəsində çeçenlər elə də çox görünmürlər. Belə bir hiss var ki, Kadırovun döyüşçüləri Çeçenistana dönüblər və ya haradasa üçüncü eşalonda, arxa cəbhədə nəsə edirlər. Hazırda Kadırov özünün Ukraynadakı hərbi uğurları ilə öyünmür.
- Bəlli faktdır ki, noyabr-dekabrda Kadırovu geriyə çəkdilər və o, “Tik-Tok”da, ”Telegram” kanalda özünü göstərməyi dayandırdı. Putin hardasa təhlükə duymuşdu və buna müvafiq surətdə Kadırovun ictimai aktivliyi durduruldu. Yəqin ki, bu, Kadırovun cavabıdır və ona görə öz ordusunu cəbhədən çəkib?
- Ola bilər, amma mən düşünürəm ki, Kadırov sakitcə Putindən uzaqlaşır. Elə məhz bu səbəbdən də gələcək barədə düşünür və anlayır ki, o, hələ cavandır və onun müəyyən dəstəyi və güclü klanı var. Kadırov Çeçenistan ordusunu öz əlində saxlayır. O, başa düşür ki, bir neçə il keçər və Putin sadəcə ölər. Belədə o, nə etməlidir? Düşünürəm ki, o, hiyləgərdir və heç də axmaq deyil, yəni yeni şərtlər daxilində hakimiyyətini saxlamaq barədə fikirləşməyə başlayıb. Belə bir informasiya dolaşırdı ki, o, Türkiyə Prezidenti ilə görüşməyə cəhd göstərib, lakin müdrik Ərdoğan ona vaxt ayırmayıb.
- Siz yəqin, Priqojinin cəbhədə problemlərlə üzləşdiyini eşitmisiniz. Bir tərəfdən onun dustaqları müharibəyə cəlb etməsinə imkan vermirlər, digər yandan isə onu mərmilərlə təmin etmirlər. Priqojin şikayət edərək deyib ki, əgər Kadırovun adamları olmasaydı, o, mərmilərsiz qalardı. Bütün bunlar nə deməkdir?
- Ümumiyyətlə, Kremlin strateji planlaması yoxdur və keçmişdə Rusiya Prezident Administrasiyası ilə əməkdaşlıq etmiş əksər ekspertlər bu barədə danışırlar. Bütün soyadları sadalamayacam, lakin Rusiyada baş verənlər barədə bir tanınmış politoloq olduqca təfərrüatlı, kəskin və dəqiq fikirlər söyləyir. Bu, Abbas Qalyamovdur. O, deyir ki, Kremldə bir layihə digərini əvəzləyir. Belə bir layihə gətirdilər ki, gəlin, konstitusiyaya elə dəyişiklik edək ki, Vladimir Vladimiroviç sonsuza kimi hakimiyyətdə qalsın. Bunu etdilər. Sonra Navalnını ortadan çıxarmaq layihəsini işə saldılar. İstədilər zəhərləsinlər, ancaq alınmadı və yekunda onu həbsə atdılar. “Ukraynaya qarşı müharibə” layihəsinə baxmaq olar. Bu böyük layihəni bir neçə kiçik layihələrə bölürlər. Bu layihə çərçivəsində Surovikini şişirdirdilər. Prezident barmağı ilə göstərir və deyir ki, bu adam hamı üçün nümunə olmalıdır. Sonra aydın olur ki, Surovikində heç nə alınmır və onun vəzifəsini aşağı salırlar, Gerasimovun müavininə çevirirlər.
Orada “Priqojin layihəsi” də var. Kremldə deyirlər ki, gəlin, biz Priqojinə tapşırıq verək ki, o, ”Vaqner” qrupuna dustaqları cəlb etsin. Sonradan baxıb görürlər ki, Priqojin hədsiz hakimiyyət və nüfuz əldə edərək müstəqil fiqura çevrilməyə başlayır. Ona görə də onu geriyə itələyirlər.
Məsələn, belə bir şayiə gəzir ki, ortada ”Stalinin 37-ci ildə marşallar üzərində məhkəməsi” layihəsi var. Yəni, guya ki, bu, Kadırovu, Surovikini və Priqojini dövlət çevrilişi hazırlamaqda ittiham etmək layihəsidir. Əlbəttə, bunlar böş söhbətdir. Sözsüz ki, Priqojin tədricən siyasi çəkisini və təsirini artırır və ona görə də ona yerini göstərib, əlinin üstündən vurmaq lazımdır. Diqqət edin, o, özünün “Telegram” kanalında isterikaya başlayıb və artıq hətta Putini və silahlı qüvvələr rəhbərliyini tənqid edir. O, deyir ki, bəs siz məni uzaqlaşdırdınız, mən isə hər şeyi düz edirdim, indi mənsiz pis günə qalacaqsınız.
- Sizcə, bu gün NATO Ukraynanı yetərincə aktiv dəstəkləyirmi? Çox böyük ehtimalla Ukrayna ordusu yaya kimi Rusiya ordusu ilə müqayisədə texnoloji cəhətdən daha üstün və güclü olacaq. Rusiya ordusu nəinki hücuma keçə biləcək, hətta öz möqeyində duruş gətirə bilməyəcək. Sizcə, belədə Putinə nə olacaq, o, hansı qərarları verəcək?
- Mən Putinlə nə olacağını və onun hansı qərar verəcəyini bilmirəm. Bununla bağlı nəsə düşünüb tapmaq tamamilə mənasız işdir. Putin xeyli qapalıdır, Kreml də qapalıdır. Amma mən fikirləşirəm ki, bir insan diktatura metod və idarəetmə üsullarına, güc strukturlarına, hərbçilərə daha çox söykənirsə, gec və ya tez onun sonu pis qurtarır. Tarixdən çoxsaylı nümunələr tapmaq olar ki, gücə arxalanan insanlar elə öz hərbçilərinin qurbanı olublar. Nə vaxt ki, ölkələrdə çevrilişlər olur, hərbçilər və xüsusi xidmət orqanları həmin diktatorları hakimiyyətdən salırlar.AzPolitika.info