Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

Bəyəndim (1) Bəyənmədim (0)

Bugatti Rimac şirkətinin baş direktoru Mate Rimats ondan oğurlanan 1500 at gücünə malik “Bugatti Chiron” hiperkarının axtarışında şəxsən iştirak edib. Avtomobil Rimats şirkətin Xorvatiyadakı müəssisəsinin ərazisini tərk etdikdən sonra oğurlanıb. O, açarları avtomobilin salonunda qoyubmuş. Hiperkarın axtarışına çıxan top-menecer “Porsche 911” markalı avtomobildən istifadə edib, həmkarları isə telemetriya məlumatlarını polisə ötürüblər. Oxuməni. az xəbər verir ki, bu barədə Motor1 məlumat yayıb.

Rimatsın sözlərinə görə, əməkdaşlardan biri “Chiron”un yüksək sürətlə şirkətin ərazisini tərk etdiyini görərək bu barədə həmkarlarına məlumat verib. Şirkətin daxili çatında avtomobilin ərazidən çıxarılmasının əvvəlcədən razılaşdırılıb-razılaşdırılmadığını aydınlaşdırmağa çalışıblar. Lakin tezliklə hiperkarın oğurlandığı məlum olub. Rimats polisə müraciət etsə də, axtarışın nəticələrini gözləməyərək “Porsche 911” markalı avtomobillə oğrunun arxasınca yola düşüb.

Oğrunun təxminən bir saatlıq üstünlüyü olub. O, əvvəlcə Sloveniya istiqamətində hərəkət edib, daha sonra Avstriya sərhədini keçib. “Chiron”un yerini müəyyənləşdirmək üçün avtomobilin yerləşdiyi məkan, sürəti və yanacaq səviyyəsi barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verən telemetriya sistemindən istifadə olunub. “Bugatti” əməkdaşları bu məlumatları qrup çatında polisə ötürüblər. Səfər zamanı oğru yanacaqdoldurma məntəqəsində dayanaraq avtomobilin çənini təxminən yarıyadək doldurub və yanacağın pulunu ödəmədən yoluna davam edib. Nəticədə Avstriya polisi avtomobili saxlayıb. Sükan arxasında əvvəllər də problemlər yaşamış 36 yaşlı kişi olub.

Rimats şübhəli şəxsin təqib olunmasını tələb etmədiyini bildirib. Onun sözlərinə görə, həmin şəxsə yazığı gəlib. Bununla belə, avtomobil şirkətinin rəhbərinin bu qərarı oğrunun məsuliyyətdən yayınacağı anlamına gəlmir. “Chiron”un ön bamperində cüzi zədələr aşkarlanıb. “Bugatti Rimac” rəhbərinin sözlərinə görə, bu zədələrin aradan qaldırılması çətin olmayacaq.

Hadisədən sonra Rimats şirkətin ərazisində avtomobillərin açarlarının bir daha salonda saxlanılmayacağını bildirib. O, həmçinin sosial şəbəkələrdə müşahidə kameralarının görüntülərini paylaşıb. Kadrlarda şübhəli şəxsin şirkətin ərazisində gəzdiyi və “Chiron”un salonunda avtomobilin açarlarını aşkar etdiyi görünür.

Almaz Həsənli