Rusiyada ürəyi spirtlə müalicə etməyin yolunu tapıblar

Rusiyada ürəyi spirtlə müalicə etməyin yolunu tapıblar

12:05
Bəyəndim (1) Bəyənmədim (0)

Novosibirskdəki Meşalkin adına Milli Tibbi Tədqiqat Mərkəzinin mütəxəssisləri ürək ritminin pozulmalarının müalicəsi üçün etil və izobutil spirtləri əsasında preparat hazırlayıblar. Oxuməni. az xəbər verir ki, bu barədə mərkəzin direktoru Yevgeni Tarasyuk TASS-a açıqlamasında bildirib.

Preparat stabilizator kimi disulfiram əlavə edilməklə etil və izobutil spirtlərinin kombinasiyasından ibarətdir. Onun koronar angioqrafiya və stentləmə zamanı istifadə olunan avadanlığa bənzər xüsusi balon kateter vasitəsilə ürəyin ən böyük venası olan koronar sinusa yeridilməsi planlaşdırılır.

Elmi işlər üzrə direktor müavini Aleksandr Romanovun sözlərinə görə, preparatın heyvanlar üzərində klinikaya qədərki sınaqları başa çatıb. Dərmanın ilk partiyası Sibir Dövlət Tibb Universitetinin nəzdindəki GMP laboratoriyasında hazırlanıb. Tərtibatçılar klinik sınaqların birinci mərhələsinin keçirilməsinə icazə verilməsi üçün Səhiyyə Nazirliyinə müraciət göndəriblər.

İlkin olaraq sınaqların noyabrın ortalarında başlanması planlaşdırılır. Lazımi mərhələlər uğurla başa çatarsa, preparat 2029–2030-cu illərdə bazara çıxa bilər. Tərtibatçıların sözlərinə görə, yeni texnologiya müalicənin qiymətini əhəmiyyətli dərəcədə azalda bilər.

Almaz Həsənli