Süni intellekt üz fotosuna əsasən xərçəngdən ölüm riskini qiymətləndirməyi öyrənib
Amerikalı alimlər xərçəng xəstələrinin üz fotolarına əsasən ölüm riskini qiymətləndirən FaceSurvival adlı süni intellekt aləti hazırlayıblar. Sistem əlverişsiz nəticə ehtimalına işarə edə bilən, xarici görünüşdəki çətin sezilən xüsusiyyətləri təhlil edir. Oxuməni az xəbər verir ki, tədqiqatın nəticələri The Lancet Digital Health jurnalında dərc olunub.
Sınaqlar zamanı alqoritmin ən yüksək risk qrupuna aid etdiyi xəstələrin yarıdan çoxu 90 gün ərzində vəfat edib. Ən aşağı risk qrupunda isə eyni müddət ərzində bu göstərici cəmi 2 faiz təşkil edib.
Yeni texnologiya ABŞ-də Mass General Brigham səhiyyə sisteminə daxil olan Massaçusets Ümumi Xəstəxanasının tədqiqatçıları tərəfindən hazırlanıb. Mütəxəssislərin fikrincə, gələcəkdə bu texnologiya həkimlərə müalicə taktikasını seçməkdə kömək edə bilər. Beləliklə, intensiv müalicəyə dözə biləcək xəstələri və daha yumşaq müalicə yanaşmasına ehtiyacı olanları müəyyənləşdirmək mümkün ola bilər.
Əldə olunan nəticələr əvvəlki tədqiqatların məlumatları ilə uzlaşır. Həmin araşdırmalara əsasən, real yaşından daha yaşlı görünən xərçəng xəstələrində ölüm riski daha yüksək ola bilər. Lakin FaceSurvival yalnız xarici görünüşə əsasən yaş təyin etmir, həm də xəstəliyin proqnozu ilə əlaqəli digər vizual əlamətləri müəyyənləşdirir.
Bununla belə, yeni texnologiyanın hazırlanması adi selfinin tibbi müayinəni əvəz edə biləcəyi və ya xəstəliyin nəticəsini dəqiq proqnozlaşdıra biləcəyi anlamına gəlmir.
Almaz Həsənli































































































