WSJ: Tramp Putin və Si Cinpinlə Yeni Yalta Konfransına hazırlaşır
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin Prezidenti Si Cinpin ilə üçtərəfli sammit keçirmək istəyir ki, bu da dünyanın təsir dairələrinə yeni bir şəkildə bölünməsinə səbəb ola bilər.
Oxuməni.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) nəşrində gedən analitik məqalədə deyilir. Qeyd edilir ki, Tramp bununla 1945-ci ildəki Yalta konfransını yenidən xortlatmaq və dünyanı super güclər arasında müasir vəziyyətə uyğun olaraq bölüşdürmək istəyir.
Redaksiya heyətinin məlumatına görə, Tramp uzun müddətdir Rusiya və Çinlə genişmiqyaslı razılaşmalar bağlamaqda maraqlıdır və onun Ukrayna və Avropaya qarşı hazırkı siyasəti daha geniş strategiyanın bir hissəsi ola bilər. WSJ hesab edir ki, ABŞ-ın Rusiya nefti və dizel yanacağına qarşı sanksiyalarının son zamanlar yumşaldılması Vaşinqtonun Moskva ilə daha iddialı razılaşmalar əldə etmək istəyini göstərə bilər.
Qəzet hesab edir ki, bu cür razılaşmalar "NATO-da parçalanmaya, Amerikanın Sakit Okean bölgəsindəki mövqeyini zəiflədə və Çinin Tayvana təzyiqini artıra bilər".
Əziz MUSTAFA




















































































