Putin Tramp və Si-yə Ukraynadakı müharibə ilə bağlı sammit təklif edib

Putin Tramp və Si-yə Ukraynadakı müharibə ilə bağlı sammit təklif edib

11:17
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı dördillik müharibəyə Moskvanın şərtləri ilə son qoymaq üçün ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpinlə yüksək səviyyəli görüş keçirməyi təklif edib. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti müzakirələrin gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Kreml danışıqların noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində keçirilməsini təklif edib.

Kremlin mətbuat katibi Dmitri Peskov qəzetə belə bir görüşün mümkünlüyünün müzakirə edildiyini təsdiqləyib. O, nəşrə bildirib: "Görüşün özü və ya onun potensial gündəliyi ilə bağlı hələlik dəqiq bir anlayış yoxdur, baxmayaraq ki, hər üç tərəf belə bir görüşün keçirilməsinin hipotetik imkanını tanıyır".

ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsinin sözlərinə görə, Ağ Evin rəhbəri hələlik belə bir sammitin keçirilməsinə razılıq verməyib, lakin bu ideyaya müsbət yanaşa bilər.

WSJ Rusiya kəşfiyyatının keçmiş əməkdaşına istinadən qeyd edir ki, Kreml bu təklifi oktyabrın 9-da Trampla telefon danışığı zamanı irəli sürüb. Həmin söhbət zamanı Rusiyadan ABŞ-a dizel yanacağının tədarükü ilə bağlı da razılıq əldə olunub.

Oktyabrın 16-da Tramp fərmanla Moskvaya qarşı tətbiq olunan mühüm sanksiyaları ləğv edib.

Ağ Ev, eləcə də Rusiyanın və Çinin Vaşinqtondakı səfirlikləri hələlik KİV-lərin şərh sorğularına cavab verməyiblər.

Almaz Həsənli