Egey dənizində Yunanıstana çatmağa çalışan 12 miqrant həlak olub

Egey dənizində Yunanıstana çatmağa çalışan 12 miqrant həlak olub

14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Egey dənizini keçməyə çalışan azı 12 miqrant, o cümlədən bir körpə həlak olub. İnsanlar bir-biri ilə əlaqəsi olmayan iki ayrı hadisə nəticəsində həyatlarını itiriblər. Oxuməni. az xəbər verir ki, bu barədə Agence France-Presse Yunanıstanın Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Reuters-in məlumatına görə, Lesbos adasından təxminən 3,5 dəniz mili cənubda Türkiyədən miqrantları daşıyan sürətli qayıq Sahil Mühafizəsinin gəmisi ilə toqquşaraq aşıb. Xilasedicilər dörd kişinin, bir qadının və bir uşağın meyitini aşkar ediblər. Səkkiz nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Xilas edilənlər arasında qayığı idarə edən 37 yaşlı Türkiyə vətəndaşı da olub. O, qeyri-qanuni miqrant daşınmasını təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.

Bir neçə saat sonra sərhədi qanunsuz keçməklə bağlı ikinci hadisə baş verib. Samos adasının sahilindən 3,7 dəniz mili aralıda kiçik qayıq aşıb. Qəzanın səbəbləri açıqlanmayıb. Hadisə nəticəsində beş kişi və bir qadın olmaqla altı nəfər həlak olub. Yunanıstan hakimiyyətinin məlumatına görə, 14 nəfəri xilas etmək mümkün olub. Onların arasında İrandan olan, miqrant daşınmasını təşkil etməkdə şübhəli bilinən şəxs də müəyyən edilib.

Yunanıstanın gəmiçilik naziri Vasilis Kikilias insanların ölümünə görə məsuliyyəti miqrant daşıyan şəxslərin üzərinə qoyub. O, həmçinin bu şəxslərə qarşı “sıfır tolerantlıq” siyasətinin tətbiq ediləcəyini bildirib.

Almaz Həsənli