Çinli qadın ölümünün qeydə alınmasından bir gün sonra tabutda ayılıb
Çinin şimalındakı Hebey əyalətində 70 yaşlı qadın yaxınlarının onun öldüyünü düşündüyü vaxtdan bir gün sonra tabutda ayılıb. Oxuməni.az xəbər verir ki, bu barədə The Star məlumat yayıb.
Yaşlı qadın uzun illər ərzində beyin damarlarında tromboz və onkoloji xəstəliklə mübarizə aparıb. Həkimlər şişin sağalmaz olduğunu bildirdikdən sonra ailəsi ona qulluq etmək üçün qadını evə aparıb. Sentyabrın 8-də yaxınları onun öldüyünü düşünüb və başqa şəhərlərdən qohumlarının gəlib onunla vidalaşmasını gözləmək üçün cəsədini soyuducu tabuta yerləşdiriblər.
Ertəsi gün axşam gəlini tabutdan gələn zəif iniltiləri eşidib. Qadın dərhal tabutdan çıxarılıb və sentyabrın 11-də özünə gəlib — gözlərini açıb, lakin vəziyyəti hələ də ağır olaraq qalıb, su və yemək qəbul edə bilməyib. Həmin gecə qadın vəfat edib və sentyabrın 13-də dəfn olunub.
Həkimlər bunun “yalançı ölüm” adlanan xüsusi koma vəziyyəti ola biləcəyini istisna etmirlər. Bu zaman həyat göstəriciləri demək olar ki, müəyyən edilmir. Nəbz və tənəffüsü çətinliklə hiss etmək mümkün olur, maddələr mübadiləsi son dərəcə zəifləyir, şüur isə dərin koma vəziyyətinə düşür.
Almaz Həsənli































































































