"Dujuan" tayfunu Yaponiyanın sahillərinə çatıb
"Dujuan" tayfunu bazar ertəsi Yaponiyanın Sakit okean sahillərinə çatıb və özü ilə güclü yağışlar və külək gətirib. Oxuməni az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Tayfunun Tokiodan şərqdə yerləşən və Çiba prefekturasının böyük hissəsini əhatə edən Boso yarımadasının yaxınlığından keçəcəyi gözlənilir. O, təkcə Çibaya deyil, həm də yaxınlıqdakı rayonlara güclü yağışlar gətirəcək.
Yaponiya Meteorologiya Agentliyi İzu arxipelaqının ən böyük adalarından biri olan və Tokiodan təxminən 100 km aralıda yerləşən İzuosima adasında torpaq sürüşməsi riski ilə bağlı xəbərdarlıq edib.
Yerli vaxtla saat 12:00 radələrində (Bakı vaxtı ilə təxminən 07:00) "Dujuan" şərqdəki Hatidzo adasından 80 km qərbdə olub və saatda təxminən 25 km sürətlə şimal-şərq istiqamətində hərəkət edib. Küləyin sürəti saatda 198 km-ə çatıb.
Tayfun səbəbindən regionda avtomobil yollarının bəzi hissələri artıq bağlanıb. Həmçinin Tokio-Osaka marşrutu üzrə yüksək sürətli qatarların gecikməsi və ləğv edilməsi gözlənilir.
Yaponiya mediası xəbər verir ki, Tokio hakimiyyəti bazar ertəsi Ueno zooparkının və "Tokyo Sea Life" okeanariumunun bağlanması barədə göstəriş verib. Həmçinin qeyd olunur ki, bazar ertəsi Yaponiyada azı 275 aviareys ləğv edilib.
Almaz Həsənli




















































































