Qaraqalpaqstan yaşıl enerji istehsalının ən böyük mərkəzlərindən birinə çevriləcək
Qaraqalpaqstanın yaxın illərdə ən böyük yaşıl enerji istehsalı mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. Oxuməni.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Nukusda keçirilən görüşdə çıxış edərkən bildirib.
Son illərdə respublikada 860 MVt yeni enerji gücü istifadəyə verilib. Elektrik enerjisi istehsalı dörd dəfə artaraq 5,33 milyard kVt/saata çatıb. Bu, ev təsərrüfatlarının və müəssisələrin illik tələbatından təxminən üç dəfə çoxdur.
Dövlət başçısı qeyd edib ki, Beruni və Karauzak rayonlarında külək elektrik stansiyalarının tikintisi sayəsində "yaşıl" enerjinin ümumi istehsalda payı 23%-ə çatıb.
Dünən Şavkat Mirziyoyev bir sıra layihələrə start verib və yenilərinin tikintisinə başlayıb. Bunlara Karauzak rayonunda ümumi gücü 300 MVt olan iki külək elektrik stansiyası və 100 MVt enerji saxlama sistemi daxildir.
Kunqrad rayonunda 1,5 QVt gücündə böyük bir külək elektrik stansiyasının tikintisi aktiv mərhələyə qədəm qoyur. 2,6 milyard dollarlıq layihə Səudiyyə Ərəbistanının ACWA şirkəti ilə birgə həyata keçirilir. 1500 km yüksək gərginlikli elektrik ötürücü xətləri çəkiləcək, üç 500 kV-luq yarımstansiya tikiləcək və daha ikisi modernləşdiriləcək.
2030-cu ilə qədər ümumi gücü 3300 MVt olan külək elektrik stansiyasının istifadəyə verilməsi və "yaşıl" enerjinin payının 76%-ə çatdırılması gözlənilir. Bundan əlavə, 400 MVt gücündə enerji saxlama qurğuları yaradılacaq.
Əziz Mustafa




















































































