Dünyanın ən quraq səhrası yağışlardan sonra çiçəklərə büründü-Foto
Qütb bölgələrindən kənarda dünyanın ən quraq səhrası hesab edilən Çilidəki Atakama səhrası ilin əvvəlində yağan bol yağışlardan sonra çiçəkləyib. Oxuməni.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb. Nadir təbiət hadisəsi artıq səhraya həm Çilidən, həm də xaricdən turistləri cəlb edib.
Çili Milli Meşə Korporasiyasının nümayəndəsi Xorxe Karabantes agentliyə bildirib ki, qeyri-adi dərəcədə yüksək rütubət Atakamada 200-dən çox bitki növünün yetişməsinə səbəb olub. "Şübhəsiz ki, bu, dünyanın digər yerlərində baş verən çiçəklənmələrdən çox fərqlənən qeyri-adi və müstəsna bir hadisədir", - deyə o bildirib.
İyuldan avqusta qədər Çilinin bir neçə bölgəsində rekord səviyyədə yağıntı qeydə alınıb, bəzi hallarda isə bu göstəricilər 1950-ci illərdə meteoroloji müşahidələrə başlanılandan bəri ən yüksək həddə çatıb. Belə yağışların səbəbi kimi son vaxtlar güclənən və dünyada temperaturun kəskin artmasına səbəb olan "super El-Ninyo" iqlim fenomeni göstərilir.
El-Ninyo — Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun normadan 3 °C-dən çox olmayaraq istiləşdiyi iqlim hadisəsidir. Bunun nəticəsi olaraq quraqlıqlar, leysan yağışlar, daşqınlar və məhsuldarlığa, eləcə də ərzaq qiymətlərinə təsir edən digər ekstremal hava hadisələri baş verir.




Almaz Həsənli
































































































