Məhkəmə Donald Trampın məhkəmə tərəfindən təyin edilmiş federal prokurorları vəzifədən azad etməsini qadağan edib
ABŞ-ın federal hakimi Stenli Bastyan prezident Donald Trampın dairə məhkəməsi tərəfindən təyin edilmiş ABŞ prokurorlarını vəzifədən azad etmək hüququnun olmadığı barədə qərar çıxarıb. Oxuməni az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Qərar Ağ Evin rəhbəri tərəfindən vəzifəsindən azad edilən və yerinə Trampa sadiq Çarlz Nil Floydu təyin etməyə çalışdığı Rocer Roqoffun iddiası əsasında qəbul edilib.
Hakim Stenli Bastyan qərarında bildirib ki, “prezident dairə məhkəməsi tərəfindən təyin edilmiş ABŞ prokurorunu birtərəfli qaydada vəzifədən azad edə bilməz”. Onun fikrincə, belə addımlar “Konstitusiya və qanunlarla müəyyən edilmiş, prezidentin vəzifəli şəxsləri təyin etmək hüququ ilə Senatın onların namizədliyini təsdiqləmək səlahiyyəti arasında tarazlığı təmin edən sistemi pozardı”.
Qərar Trampın iyul ayında dairə məhkəməsi tərəfindən ABŞ-ın Vaşinqton ştatının Qərb dairəsi üzrə federal prokuroru təyin edildikdən dərhal sonra vəzifəsindən azad etdiyi Rocer Roqoffun iddiası əsasında çıxarılıb.
Hakim Bastyan qərara alıb ki, Roqoff iyulun 15-də and içdiyi vaxtdan etibarən federal prokuror vəzifəsini tutmaqda davam edir. Prezident administrasiyası tərəfindən onun yerinə “qanunsuz şəkildə” təyin edilmiş Çarlz Nil Floyd isə müvafiq səlahiyyətlərə malik deyil.
Bastyan qeyd edib ki, prezident administrasiyası, baş prokuror Todd Blanş və ya ABŞ Ədliyyə Nazirliyi Roqoffun vəzifədən azad edilməsi üçün “hər hansı addım atmaq” və onu Vaşinqton ştatının Qərb dairəsi üzrə federal prokuror kimi başqa şəxslə əvəzləmək hüququna malik deyil.
ABŞ Ədliyyə Nazirliyi Bastyanın qərarının apellyasiya şikayətinə baxıldığı müddətdə qüvvəsinin dayandırılması tələbi ilə apellyasiya məhkəməsinə müraciət edəcəyini bəyan edib.
“Politico”nun qeyd etdiyi kimi, Tramp administrasiyası prezidentə sadiq şəxsləri mühüm vəzifələrə təyin etmək üçün Senatda namizədlərin təsdiqlənməsi prosedurundan yan keçməyə dəfələrlə cəhd edib. Dairə məhkəmələrinin öz səlahiyyətlərindən istifadə edərək ABŞ-ın federal prokuroru vəzifəsinə başqa şəxsi seçdiyi hallarda isə Tramp həmin şəxsi vəzifədən azad edib.
ABŞ-da federal prokurorların namizədliyi prezident tərəfindən irəli sürülür və daha sonra Senat tərəfindən təsdiqlənməlidir. Əgər namizədin təsdiqi mümkün olmursa və vəzifə boş qalırsa, ABŞ-ın baş prokuroru 120 gün müddətinə müvəqqəti federal prokuror təyin edir. Bu müddət başa çatdıqdan sonra da daimi prokuror Senat tərəfindən təsdiqlənməzsə, həmin vəzifəyə namizədi seçmək və təyin etmək səlahiyyəti federal dairə məhkəməsinə keçir.
Almaz Həsənli




















































































