ABŞ Energetika Nazirliyinin əməkdaşı husilərə kömək etməyə cəhd ittihamı ilə saxlanılıb
ABŞ Energetika Nazirliyinin əməkdaşı Vaşinqton ştatında ABŞ-da terror təşkilatı elan edilən Yəmən üsyançı hərəkatı Ənsar Allaha (Husilər) yardım göstərməyə cəhd ittihamı ilə saxlanılıb. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi bəyan edib.
"Vaşinqton ştatının Riçland şəhərinin sakini, 51 yaşlı Eşton Hamed Ellabudi oktyabrın 1-də saxlanılıb. O, husilərə maddi yardım və ya resurs göstərməyə cəhd etməkdə ittiham olunur", - deyə nazirliyin veb saytında dərc olunan açıqlamada bildirilir.
Prokurorluğun məlumatına görə, "dövlət qulluqçusu xaricə səyahət edib və husilərə kömək etmək üçün ixtisaslaşmış biliklərindən istifadə edib", həmçinin "bu partlayıcı maddələri daşıya bilən dronlar" yaratmaq üçün materiallar alıb.
Əgər təqsirli bilinərsə, Ellabudi 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər.
Əziz MUSTAFA




















































































