“Flydubai” İsrailə uçuşları dayandırıb

“Flydubai” İsrailə uçuşları dayandırıb

10:35
Bəyəndim (1) Bəyənmədim (0)

"Flydubai" aviaşirkəti ekipaj üzvləri arasında baş verən dava səbəbindən Səudiyyə Ərəbistanında təcili eniş edən reyslə bağlı araşdırma başa çatana qədər İsrailə və İsraildən olan uçuşları dayandırıb. Oxuməni. az xəbər verir ki, bu barədə aviaşirkətin saytında yerləşdirilən bəyanatda bildirilir.

"Sentyabrın 30-da FZ 1073 reysi ilə bağlı baş vermiş insidentdən sonra və müvafiq orqanlarla razılaşdırılaraq, "flydubai" araşdırma müddətində İsrailə və İsraildən olan uçuşları dayandırır", - deyə məlumatda qeyd olunur.

Aviaşirkət dövlət qurumları, tənzimləyicilər və hava limanı nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Yeni məlumatlar daxil olduqca, "flydubai" bu qərarına yenidən baxacaq.

Daha əvvəl İsrailin nəqliyyat naziri Miri Regev "flydubai" aviaşirkətinin İsrailə bütün uçuşlarının dayandırılmasına çağırış etmişdi.

Sentyabrın 30-u səhər saatlarında "flydubai" təyyarəsi 7700, daha sonra isə mümkün qaçırılma halında istifadə olunan 7500 təhlükə siqnalı verib. Aviaşirkətin sonradan təsdiqlədiyi kimi, pilotlar arasında dava baş verib, nəticədə təyyarə kəskin şəkildə hündürlük itirib və kursunu dəyişib. Təyyarəni Səudiyyə Ərəbistanında endirmək mümkün olub, lakin laynerin quyruq hissəsi zədələnib.

"Israel Hayom" qəzetinin İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, təyyarənin enişinə sərnişin qismində olan və ekipaj heyətinə daxil olmayan Rusiya və Ukrayna vətəndaşı olan iki pilot kömək edib.

Təyyarədə İsrail vətəndaşları da daxil olmaqla 170-dən çox insan olub. İnsidentdən sonra hər iki pilot xəstəxanaya yerləşdirilib. "Hindustan Times" qəzetinin mənbəsinə görə, bıçaq xəsarəti alan pilot Smit Maççhar Hindistan vətəndaşıdır. İsrailin "9-cu kanalı" isə daha əvvəl hücum edən pilotun Oman, digərinin isə BƏƏ vətəndaşı olduğunu bildirmişdi. Aviaşirkət onların vətəndaşlığını açıqlamaqdan imtina edib.

İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, pilotlardan birinin məqsədi, çox güman ki, təyyarəni yerə çırparaq aviaqəza törətmək olub. Oxşar versiyaları daha əvvəl İsrailin "Channel 12", "Ynet" və "i24News" kanalları da səsləndirib.

"Uçuş zamanı, İsrailə yaxınlaşarkən pilotlardan biri digərinə bıçaqla xəsarət yetirib və görünür, təyyarəni göyərtədə olan hər kəslə birlikdə yerə çırpmağa cəhd edib", - deyə Netanyahu bildirib.

Almaz Həsənli