Böyük Britaniya Finlandiyaya nüvə "qalxanı" təklif edib
Böyük Britaniya Finlandiyaya və Birgə Ekspedisiya Qüvvələrinin (JEF) digər ölkələrinə NATO xaricində fəaliyyət göstərəcək əlavə nüvə maneə mexanizmi təklif edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Yle-nin çərşənbə axşamı, 29 sentyabrda yaydığı məlumatda deyilir. Britaniya nüvə sualtı qayıqları mexanizmi dəstəkləməkdə əsas rol oynayacaq. Təklif Kral Dəniz Qüvvələrinin Baş Komandanı Qvin Cenkinsin Finlandiyaya səfəri zamanı irəli sürülüb. Finlandiya Parlament Müdafiə Komitəsinin sədri Heikki Autto ilə görüşündə o, gələcəkdə Britaniyanın nüvə silahlarının Birgə Ekspedisiya Qüvvələri (JEF) daxilində yaradılacaq döyüş bölmələri üçün çəkindirmə sisteminin əsasını təşkil edəcəyini bildirdi.
Birgə Ekspedisiya Qüvvələri, Böyük Britaniyanın rəhbərlik etdiyi və Şimali və Baltikyanı ölkələri, eləcə də Niderlandı əhatə edən hərbi tərəfdaşlıqdır. JEF iştirakçıları noyabr ayında Osloda keçiriləcək görüşdə yeni döyüş bölmələrinin yaradılması haqqında saziş imzalamağı planlaşdırırlar.
Cenkinsin sözlərinə görə, bu qüvvələrin istifadəsi üçün NATO Kollektiv Müdafiə Müqaviləsinin 5-ci maddəsinin aktivləşdirilməsi tələb olunmayacaq ki, bu maddə Alyans ölkələrindən birinə hücum halında tətbiq olunur.
Autto öz növbəsində JEF-i milli müdafiə və NATO üzvlüyü ilə yanaşı, Finlandiyanın müdafiəsinin üçüncü sütunu adlandırdı. O qeyd etdi ki, yeni döyüş qüvvələrinin yaradılması müttəfiqlərin birgə müdafiə planlarının əsasını təşkil edən uzunmüddətli təhdidlərin qiymətləndirilməsi ilə bağlıdır.
Eyni zamanda, Finlandiya sülh dövründə öz ərazisində nüvə silahları yerləşdirməyi planlaşdırmır. Auttonun sözlərinə görə, ölkənin bu məsələ ilə bağlı siyasəti dəyişməyəcək.
Xatırladaq ki, Fransa Avropanı müdafiə etmək üçün nüvə maneəsindən istifadə etməyə hazırdır.
Bu arada, ABŞ modifikasiya edilmiş B61 nüvə bombalarını, B61-12 versiyasını Avropa ölkələrində yerləşdirməyə başlayıb. Pentaqon bu bombaların sonuncu partiyasını yalnız ötən ilin dekabr ayında alıb. İstehsal edilən bombaların dəqiq sayı hələ açıqlanmayıb.
Əziz MUSTAFA



























.jpg)























































