Narkotik ticarəti və qətl ittihamları ilə ümumilikdə 77 il müddətinə azadlıqdan məhrum olunmuşdu
Meksikanın ən nüfuzlu narkotik şəbəkələrindən biri olan Qvadalaxara kartelinin qurucusu, “El Padrino” və “Bossların bossu” ləqəbləri ilə tanınan Migel Anxel Feliks Qalyardo 80 yaşında dünyasını dəyişib. Ömrünün 37 ildən çoxunu dəmir barmaqlıqlar arxasında keçirən keçmiş kartel rəhbəri noyabrın 13-də səhhətinin kəskin pisləşməsi səbəbindən Puente Qrande həbsxanasından Qvadalaxaradakı özəl xəstəxanaya köçürülüb və noyabrın 15-də çoxsaylı orqan çatışmazlığından ölüb.
1946-cı ildə Sinaloa ştatında doğulan Qalyardo gəncliyində polis və yerli qubernatorun mühafizəçisi işləsə də, sonradan kriminal aləmə qoşulub. 1970-ci illərdə o, Rafael Karo Kintero və Ernesto Fonseka Karrilyo ilə birlikdə Qvadalaxara kartelini yaradıb. 1980-ci illərdə Pablo Eskobarın Medellin karteli ilə əməkdaşlıq edən və korrupsiyalaşmış məmurların dəstəyindən yararlanan bu şəbəkə ABŞ-a kokain və marixuana daşınmasının əsas mərkəzinə çevrilib.
1985-ci ildə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) agenti Enrike “Kiki” Kamarena və pilot Alfredo Zavalanın qaçırılaraq öldürülməsi Vaşinqtonla Mexiko arasında ciddi böhran yaradıb. ABŞ-ın təzyiqlərindən sonra 1989-cu ildə həbs edilən Qalyardo narkotik ticarəti və qətl ittihamları ilə ümumilikdə 77 il müddətinə azadlıqdan məhrum olunub.
Onun həbsindən sonra Qvadalaxara karteli parçalanıb və yerində uzun illər qanlı müharibələr aparacaq Sinaloa, Tixuana və Xuares kimi yeni kartellər yaranıb.
Ömrünün sonlarında görmə və eşitmə qabiliyyətini demək olar ki, itirən Qalyardonun ev dustaqlığına buraxılması ilə bağlı 2022-ci ildə verilən məhkəmə qərarı prokurorluğun etirazları səbəbindən icra olunmayıb. Qeyd edək ki, Qalyardonun həyatı və kriminal fəaliyyəti 2018-ci ildə Netflix-in məşhur “Narcos: Mexico” serialında da geniş işıqlandırılıb...
Şahmurad








.jpg)
.jpg)








.jpg)
.jpg)








































































