Honkonqlu Milli Təhlükəsizlik Qanunu çərçivəsində 10 il azadlıqdan məhrum edilib
Honkonqun demokratiya tərəfdarı hərəkatının tanınmış simalarından biri olan Coşua Vonq (Joshua Wong) məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Pekinin Honkonqda tətbiq etdiyi Milli Təhlükəsizlik Qanununa əsasən çıxarılıb.
Məhkəmə prosesində Vonq xarici qüvvələrlə əlbir olaraq Çinə və Honkonq hökumətinə qarşı sanksiyaların tətbiq edilməsinə təhrik etməkdə və milli təhlükəsizliyi təhdid etməkdə təqsirli bilinib.
Məhkəmə hakimi Vonqun əməlini ağır cinayət kateqoriyasına aid edərək, onun 2019-cu il etirazlarından sonra da beynəlxalq aləmdə Çinə qarşı sanksiya kampaniyasını davam etdirdiyini vurğulayıb.
2014-cü ildəki "Çətir hərəkatı" və 2019-cu ildəki kütləvi ekstradisiya əleyhinə nümayişlər zamanı beynəlxalq ictimaiyyətin diqqətini çəkən Vonq Honkonqda demokratiya uğrunda mübarizənin əsas gənc liderlərindən biri hesab olunur. O, daha əvvəl də icazəsiz aksiyalarda iştirak etmək və dövlət hakimiyyətini sarsıtmaqla bağlı digər işlər üzrə həbs cəzaları alıb.
Bu sərt cəza Honkonqda 2020-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Qanunundan sonra müxalif fəallara və müstəqil səslərə verilən ən ağır hökmlərdən biridir. Beynəlxalq hüquq-müdafiə təşkilatları və Qərb ölkələri verilən qərarı Honkonqda söz azadlığının və siyasi plüralizmin məhdudlaşdırılmasının növbəti göstəricisi kimi qiymətləndirərək tənqid edirlər. Çin və Honkonq rəsmiləri isə qanunun şəhərdə sabitlik və təhlükəsizliyi təmin etmək üçün zəruri olduğunu bildirirlər.
Şahmurad




.jpg)
.jpg)

























































































