Rusiya gələn il 30 milyard kubmetr qaz satışından əldə ediləcək gəlirdən məhrum olacaq
Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına əsasən, Rusiya qazının idxalına qadağanın tətbiqi 2027-ci ildə adıçəkilən ölkədən Avropaya nəql olunan qaz həcminin 30 milyard kubmetr azalmasına səbəb olacaq. Oxuməni.az xəbər verir ki, bu barədə BEA-nın hesabatında deyilir.
BEA qeyd edir ki, cari ilin ilk doqquz ayında Rusiyadan Avropa İttifaqına (Aİ) boru kəməri ilə qaz tədarükü 1,5% (0,2 milyard kubmetr) artıb. Nəticədə, bu dövrdə Avropanın ümumi qaz tələbatında Rusiya boru kəməri qazının payı 8% səviyyəsində qalıb. Agentlik proqnozlaşdırır ki, qarşıdan gələn qış mövsümündə Rusiyadan Avropaya qaz ixracı əvvəlki istilik mövsümü ilə eyni səviyyədə qalacaq.
Avropa 2022-ci ilin fevral ayından etibarən Rusiya qazından tədricən imtina etməyə başlayıb. Həmin vaxta qədər Aİ-nin qaz təchizatında Rusiyanın payı təxminən 45% təşkil edirdi. 2022-2023-cü illər ərzində Rusiyadan Avropaya boru kəməri ilə qaz tədarükü kəskin şəkildə azalsa da, mayeləşdirilmiş təbii qazın (MTQ) alışı əvvəlki səviyyədə davam edib. 2024-cü ilə qədər Aİ-nin idxalında Rusiya qazının payı təxminən 19%-ə enib. 2025-ci ildə Rusiya qazı Avropa İttifaqına axmağa davam etsə də, dekabr ayında Aİ Rusiyadan bu enerji resurslarının idxalına qarşı hüquqi qüvvəyə malik, mərhələli qadağa tətbiq edilməsi barədə razılığa gəlib.
Rusiyadan Avropaya uzunmüddətli müqavilələr əsasında MTQ tədarükünə tam qadağa 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək, boru kəməri ilə qaz tədarükü isə həmin ilin dördüncü rübünə qədər tamamilə dayandırılacaq.
Əziz MUSTAFA

























































































