Rusiya Kalininqradda Avropanın əhəmiyyətli bir hissəsini əhatə edə biləcək radar stansiyası inşa edir
Rusiyanın Kalininqrad vilayətində böyük bir radar stansiyasının tikintisi başa çatmaq üzrədir. Onun 3000 km-ə qədər məsafədə təyyarələri, raketləri və gəmiləri aşkar edə biləcəyi təxmin edilir.
Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, stansiyanın əhatə dairəsinə Birləşmiş Krallıq, Fransa, Almaniya və Ukrayna da daxil olmaqla Avropanın əhəmiyyətli bir hissəsi daxil ola bilər.
Kompleks Polşa sərhədindən təxminən 37 km məsafə də, Qvardeysk şəhəri yaxınlığında tikilir. ICEYE-dən alınan peyk görüntülərində hər biri 500 metrdən çox uzunluğunda üç sıra antenalar görünür. Ərazi ikiqat hasarla əhatə olunub.
Polşa nəşri Defence24-ə görə, tikinti 2023-cü ilin mart ayında başlayıb. Bu, çox güman ki, Rusiyanın 29B6 "Konteyner" sisteminə bənzər bir radar stansiyasıdır. Qısa dalğa diapazonunda işləyir və ionosferdən gələn radio dalğalarının əks olunmasından istifadə edir. Bu texnologiya ona görmə xəttindən kənarda olan obyektləri aşkar etməyə imkan verir. Rusiya hərbçiləri iddia edirlər ki, "Konteyner" eyni vaxtda F-35 qırıcı təyyarələri də daxil olmaqla 10.000-ə qədər hava hədəfini izləyə bilər.
Litva Silahlı Qüvvələrinin ehtiyat polkovniki Vaydotas Malinionis qeyd edib ki, yeni stansiya Rusiya komandanlığına NATO ilə münaqişə vəziyyətində qərar qəbul etmək üçün əlavə vaxt verə bilər. Əldə edilən məlumatlardan hücum əməliyyatlarının hazırlanmasında da istifadə etmək olar. Lakin hərbçinin sözlərinə görə, radarın böyük ölçüsü onu həssas hədəfə çevirir.
Latviya hərbi analitiki Eviya Djatkoviçanın fikrincə, stansiya Rusiya hərbçilərinə aşağıdan uçan obyektləri, xüsusən də dronları aşkar etməyə kömək edəcək. O, bunun NATO dronlarının istifadəsinin effektivliyini azalda biləcəyinə inanır.
Kalininqrad vilayətindəki Çernyaxovsk yaxınlığında daha bir böyük radar tikilir. Defence24-ün məlumatına görə, qurğu halqa şəklində olacaq və diametri 1600 metrdən çox olacaq. Tikintiyə də 2023-cü ilin mart ayında başlanılıb. Nəşr iki stansiyanın bir-biri ilə əlaqəli ola biləcəyini ehtimal edir, lakin ikinci kompleksin məqsədi hələ də məlum deyil. Ümumilikdə, bölgədə 20-dən çox elektron kəşfiyyat və əks-tədbir obyekti var.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Qərbin hücumuna cavab olaraq nüvə silahları da daxil olmaqla, bütün mövcud silahlardan istifadə etməyə hazırdır. Malinionisin sözlərinə görə, Rusiya Kalininqrad bölgəsində 100-ə qədər nüvə başlığı yerləşdirə bilər. The Times qəzetinin məlumatına görə, Polşa və Litvanın yüksək vəzifəli rəsmiləri onların bəzilərinin artıq bölgədə olduğunu düşünürlər.
Bu barədə Deutsche Welle məlumat yayıb.
Müdafiə qüvvələri Rusiyada Tor hava hücumundan müdafiə sisteminə və radar stansiyasına zərbə endirib.
Əziz Mustafa



















































































